Azərbaycan idmançıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 20 medal qazanıblar.

Unikal.org-un report-a istinadən məlumatına görə, medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürünc olub.

Qızıl medallara qadın güləşçiləri Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), kişi və qadınlardan ibarət basketbol 3X3 komandası, zorxananın səngi yarışında Rüfət Güləliyev, 3 metrlik tramplindən suya tullanmada Olqa Bıkovskaya və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yiyələnib.

Gümüş medallara qadın güləşçilərdən Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), zorxananın çərxi-çəməni növündə Orxan Xanlarov və milbazidə Xəyyam Orucov, kişilərdən ibarət voleybol yığması və kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.

Bürünc medalları isə zorxananın kəbbadə yarışında Məmmədi Salamov, mil səngində Xəyyam Orucov və çərxi-tizdə Orxan Xanlarov, həmçinin stolüstü tennis üzrə kişilərdən ibarət komanda əldə edib.

Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 153-ə çatıb. Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var. Son yarış günü ərəfəsində Azərbaycan medal əyarında böyük üstünlüklə liderliyini davam etdirir.