Türkiyənin İstanbul şəhər 14 saylı Ağır Cəza Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Unikal.org-un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu gün məhkəmə bu gün "MİT tırları olayı" ilə bağlı 2015-ci il mayın 29-da "Cumhuriyet" qəzetində dərc olunan xəbərlə əlaqədar hökmünü açıqlayıb. E. Bərbəroğlu "dövlətin gizli məlumatlarını siyasi və hərbi casusluq məqsədilə açıqlamaq" ittihamı üzrə əvvəlcə ömürlük həbsə məhkum edilib, lakin yekunda cəzanı 25 ilə endirib. E. Bərbəroğlu həbslə bağlı prosedurların yerinə yetirilməsi üçün məhkəmə binasındakı polis bölməsinə aparılıb.
Qeyd edək ki, söhbət Türkiyənin əsas kəşfiyyat orqanı - Milli İstihbarat Təşkilatına məxsus və Suriyaya doğru yola çıxan yük avtomobillərinin 2014-cü il yanvarın 1-də və yanvarın 19-da Türkiyə ərazisində "fətullahçı" prokurorların göstərişi ilə saxlanılması hadisəsindən gedir. Bu hadisələrlə bağlı məhkəmə qərarı əsasında dövlət sirrinin yayılmasının qarşısının alınması məqsədilə yayım qadağası tətbiq olunmasına baxmayaraq, tırların görüntüləri 2015-ci il mayın 29-da "Cumhuriyet"də qəzetin o zamankı baş redaktoru Can Dündarın imzası ilə çap olunub. Həmin görüntülərin E. Bərbəroğlu tərəfindən yaddaş kartı ilə qəzetə ötürüldüyü bildirilir. E. Bərbəroğlu, C. Dündar və qəzetin Ankara təmsilçisi Erdem Gül "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) strukturuna daxil olmadan təşkilatın məqsəd və strategiyasına uyğun şəkildə dövlətin məxfi məlumatlarını casusluq məqsədilə yaymaqda ittiham olunur.
Məhkəmənin qərarından sonra CHP-nin parlament qrupu fövqəladə toplantıya çağırılıb.
Qeyd edək ki, eyni iş üzrə mühakimə edilən jurnalistlər Can Dündar və Erdem Gül haqda qərar verməyən məhkəmə onların dosyesini cinayət işindən ayırıb. Bu şəxslərin mühakiməsi davam edəcək. Hazırda C. Dündar mühacirətdədir.(apa.az)