Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir.
Unikal.org xəbər verir ki, bu sözləri aprelin 9-da
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bildirib:
"Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.
Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır".