Unikal.org AzərTAC-a istinadən bildirir ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda energetika naziri Natiq Əliyev ilin birinci rübündə ölkənin energetika sektorunda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın enerji siyasəti 2016-cı ilin birinci rübündə də mühüm nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli bir sıra məqamlarla yadda qalıb. Nazir bildirdi ki, Xəzər regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına birləşdirməklə, bütün regionun enerji xəritəsini dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində, Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq "Cənub Qaz Dəhlizi" layihəsinin icrası istiqamətində görülmüş işlər, bu baxımdan, xüsusilə müstəsna əhəmiyyət kəsb edir. 2016-cı ilin ilk rübündə bu layihə üzrə həyata keçirilən ən mühüm tədbirlərdən birinin fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasının keçirilməsi olduğunu söyləyən Natiq Əliyev dedi:
- İlk növbədə onu qeyd edim ki, məhz Sizin təşəbbüsünüzlə yaradılmış Məşvərət Şurası çərçivəsində keçirilən bu cür iclaslar layihənin həm siyasi müzakirəsi, həm də tranzit ölkələrdə onun reallaşdırılması zamanı yaranan problemlərin nəzərdən keçirilməsi və müvafiq həll yollarının birgə axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında ən yüksək səviyyədə iştirakı bir tərəfdən "Cənub Qaz Dəhlizi"nin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın, digər tərəfdən isə Sizin layihəyə bu qədər böyük maraq və dəstək cəlb etmiş məqsədyönlü xarici enerji siyasətinizin təzahürü idi.
Məşvərət Şurasının iclasında Sizin tərəfinizdən şura üzvlərinə layihənin icrası ilə bağlı verilən tövsiyələr, tapşırıqlar və göstərişlər iştirakçı ölkələrin öhdəliklərinin yerinə yetirilməsi, gələcək istiqamətlərin və hədəflərin birgə maliyyələşdirilməsi üçün son dərəcə səmərəli bir platforma oldu. İclasda Avropa Komissiyasının vitse-prezidentləri Federika Moqerini və Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn kimi yüksək səlahiyyətli təmsilçilərin iştirakı "Cənub Qaz Dəhlizi" layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verməklə yanaşı, Azərbaycanla əlaqələrə də böyük diqqət kimi qiymətləndirilib.
Bu iclasın növbəti dəfə Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında həlledici rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibidir. Layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir. Sizin iclasda ifadə etdiyiniz qətiyyətli mövqeyin hamı tərəfindən yekdilliklə qəbul edilməsi bir daha sübuta yetirdi ki, Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir. Bu iclasın nəticələri, eyni zamanda, Azərbaycanla Avropa Komissiyasının "Cənub Qaz Dəhlizi" layihəsi üzrə maraqlarının tam üst-üstə düşdüyünü, layihənin Azərbaycan qədər Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərdi.
"Cənub Qaz Dəhlizi" layihəsinin son icra vəziyyəti ilə əlaqədar məruzə edərək bildirmək istərdim ki, layihənin əsas elementlərindən olan "Şahdəniz Mərhələ 2" və "Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi" üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.
İlin birinci rübündə "Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Genişləndirilməsi" layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir.
Ölkədə "Şahdəniz Mərhələ 2" və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.
Möhtərəm cənab Prezident. Təməli Sizin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Qars vilayətində qoyulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri də fasiləsiz şəkildə davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir.
Məhz Sizin yüksək iradəniz sayəsində "Trans-Adriatik" (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran "Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi" kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.
Martın sonlarında Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakınız zamanı keçirdiyiniz yüksək səviyyəli görüşlərdə də enerji məsələlərinə, "Cənub Qaz Dəhlizi" kimi meqa layihəyə xüsusi diqqət yetirilməsi, bu layihəyə böyük xarici dəstəyin ifadə olunması və bu sahədə ölkəmizə güclü dəstək verilməsində Sizin böyük əməyiniz vardır.
Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb. 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.