"2016-cı ilin birinci rübündə görülən işlərlə bağlı məlumat verərək bildirdi ki, əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq Fərman və Sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub".
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Bunun çox riskli, çətin, eyni zamanda, düşünülmüş ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisi olduğunu vurğulayan nazir nitqini davam etdirərək bildirib:
"-Cari ilin birinci rübündə, ilkin məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 milyon manat artaraq 756 milyon manat olub ki, bu da yanvar və fevral ayları üzrə pensiyaları qrafikdən əvvəl, mart ayında isə Novruz bayramınadək maliyyələşdirməyə imkan verib.
Fondun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri təşkil edib. Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz artırılması nəticəsində fevral-mart aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bundan əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə maaşlarında baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat artıb.
Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub.
Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi qurulub, ünvanlı sosial yardım üçün istər kağız üzərində, istərsə də elektron formada olunan müraciətlərin "bir pəncərə" prinsipi ilə qəbulu və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların sistemə müvafiq dövlət qurumlarından elektron formada ötürülməsi əsasən təmin edilib. Fevralın 15-dən istifadəyə verilmiş sistemə ötən müddətdə 42500 ərizə-bəyannamə daxil olunub, sistem onlardan 21500-nə imtina verib, 20960-ı isə emal mərhələsindədir.
Eyni zamanda, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılıb, əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verilib. Bu məqsədlə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatların elektron formada real vaxt rejimində sistemə ötürülməsi və vətəndaşlar tərəfindən eyni rejimdə əldə edilməsi imkanı yaratmaq məqsədilə müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının "Elektron hökumət" portalı vasitəsilə sistemə çıxışı təmin edilib. Eləcə də sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən edilib, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb. Nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmayıb.
İlin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub.
Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət göstərilib, əlilliyi olan şəxslər 553 ədəd əlil arabası və 158 ədəd eşitmə aparatı ilə təmin edilib.
Respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində cari ilin birinci rübündə 1690 əlil bərpa müalicəsi alıb.
Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.
Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.
Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə nisbətən muzdla işləyənlərin sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib.
Möhtərəm cənab Prezident. Ünvanlı dövlət sosial yardım proqramı 2006-cı ildən ölkəmizdə tətbiq olunmağa başlanılmış passiv sosial müdafiə tədbiridir və aztəminatlı ailələrin üzvlərinin minimum maddi tələbatlarının ödənilməsi məqsədi daşıyır. Mövcud statistika yardım təyin olunmuş ailələrin 73 faizinin təkrar müraciət edən ailələr olduğunu göstərir. Başqa sözlə, bu yardım ailələrin yoxsulluqdan çıxarılmasını şərtləndirmir. Fikrimizcə, ailələri yoxsulluqdan çıxarmaq üçün ilk növbədə onların məşğulluq imkanları araşdırılmalıdır və təhlillər göstərir ki, sosial yardım alan ailələrin əksəriyyətinin məşğulluq imkanları mövcuddur. Belə ki, 2016-cı ilin birinci rübündə sosial yardım alan ailələrin 70 faizi Bakı şəhərindən kənarda olmaqla, onların 75 faizinin pay torpağı var və eləcə də yardım təyin olunmuş ailələrin üzvlərinin 50 faizindən çoxu yaşı 18-dən yuxarı olan insanlardır.
Sizin müvafiq tapşırığınıza əsasən belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə özünüməşğulluq proqramlarına start verilib. Artıq bu məqsədə ehtiyat fondunuzdan 6 milyon manat vəsait ayırmısınız və bu vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması təmin ediləcək. Bununla da biz aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid edirik.
Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı, cəmiyyətin müxtəlif sahələrində, o cümlədən sosial sahədə də stabilliyin və şəffaflığın yaranmasına şərait yaradır. Cari ilin birinci rübündə "Elektron hökumət" portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 437 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 49,3 faizini təşkil edir".