"Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir".
Unikal.org-un məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Ölkə başçısı qeyd edib ki, istifadəsiz torpaqlarla bağlı müəyyən mexanizmlər tətbiq edilməlidir:
"Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər".