81 yaşlı atasını yandıraraq öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən İ.Mehdiyev ittihamla özünü təqsirli bildiyini deyib. Məhkəmə ona sərbəst ifadə vermək təklif etsə də, o bundan imtina edib: "Hər şey göz qabağındadır. Açıq və aydındır".
Məhkəmə iyulun 31-də davam edəcək.
Qeyd edək ki, qətl bu il yanvarın 31-də Maştağada baş verib. İmdad Mehdiyevlə oğlu İlyas arasında evdə mübahisə yaranıb. Oğul atadan evi satmasını tələb edib. Uzun müddət ata ilə oğul arasında söz-söhbətlər sonda dəhşətli cinayətlə nəticələnib. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.
Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyərkən içəridən bağlı olduğunu bilib. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası qapını açıb. Eyni mövzu üstündə tərəflər arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Evi də yandırmaq istəyən İlyas benzinin qalanını evə tökərək od vurub. Bundan sonra İlyas evi tərk edib.
Onu da qeyd edək ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyevdir. O, Əfv etmə komissiyasının üzvü, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədridir.