İranın xüsusi xidmət orqanı ilə əməkdaşlıqda təqsirləndirilən 1976-cı il təvəllüdlü Ağamir Ağamirovun kasasiya şikayətinə baxılıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Ağamir Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib.
Məhkəmə Ağamir Ağamirovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) madddəsi ilə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Qeyd edək ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər.
İttihama əsasən, Bərdə sakini Hafiz Vəliyevi 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Axtarış zamanı onun üzərində noutbuk və flashkart aşkar olunub. Hafiz Vəliyevə məxsus "KİA Sorento markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, flashkart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib.
Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib.
Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.
İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.
Məlumat üçün bildirək ki, ömürlük məhkum Hafiz Vəliyev də kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatında baxılır.