Hacıqabulda evə basqın edən silahlı şəxs axtardığı köhnə tanışının əvəzinə onun ailə üzvlərini gülləbaran edib. İyulun 31-də səhər saatlarında baş verən qanlı olay dərhal ölkə KİV-lərinin 1 nömrəli mövzusuna çevrilib. Hər kəs Hacıqabulda nə baş verdiyi sualına cavab axtarır. Hüquq-mühafizə orqanları yaranan suallara cavab verməyə tələsmir.

Unikal.org xəbər verir ki, "Yeni Müsavatın hadisə yerində olan əməkdaşları qanlı olayın motivi haqda ən müxtəlif məlumatları öyrənə biliblər. Rayonun Bayram İbrahimov küçəsində Qəmbərovların - qətliam baş verən həyətlərinin qarşısında qələbəlikdir. Qadınların ah-naləsi ürək dağlayır. Bir tərəfdə də yas çadırı qurulub. Hüquq-mühafizə əməkdaşları hadisə yerinə gəlib, müvafiq araşdırmalar aparıblar. Meyitləri müayinə üçün Şirvan Şəhər Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Şöbəsinə yollayıblar. Qəmbərovların sağ qalan yaxınları - xüsusən də qisasçılıq zəminində öldürülməsi planlaşdırılan Natiq Qəmbərov jurnalistlərlə təmasdan qaçır.

Hadisə şahidləri həvəssiz də olsa deyirlər ki, səhər tezdən rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Mübariz Mehdiyev uzaq Rusiya paytaxtından konflikti olan "Moskva Natiq ləqəbli Natiq Qəmbərovun ata evinə hücum edib. Qəmbərovların darvazası qarşısına əlində qundağı və lüləsi kəsilmiş silahla gələn M.Mehdiyev darvazanın bağlı olduğunu görcək özünü itirməyib.

Qonşunun həyətinə girib, oradan nərdivan götürüb və hasarı aşıb. Həyətə girəndən sonra isə orada "Moskva Natiqin "Mersedes ML markalı maşınına və atasının "Jeepinə od vurub. Qonşular bundan sonra Qəmbərovların həyətində odlu silah səsləri eşidiblər. Atəş səslərinə qarışan qışqır-bağırı eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis qısa bir vaxtda Qəmbərovların darvazası qarşısına gəlsə də, artıq gec olub.

Mübariz Mehdiyev əlindəki silahla Natiq Qəmbərovun əmisi Nazim Qəmbərovu, onun oğlu Namiq Qəmbərovu, yaxınları Gülbağda və Almara Məmməd qızı Qəmbərovaları güllələyib. Odlu silah səsi eşidən Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərov da həyətə çıxıb, güllələrdən biri də ona dəyib. Əlində "obrez tüfəng olan M.Mehdiyev qışqıraraq Natiq Qəmbərovu evdən çıxmağa səsləyib. Polislərin gəldiyini görəcək M.Mehdiyev hadisə yerindən qaçmaq istəyib. Amma buna nail ola bilməyib. Polislə atışmada yaralanıb və ələ keçməmək üçün əlindəki silahı çənəsinə dirəyərək atəş açıb. Bir başqa iddiaya görə, qatil polis tərəfindən zərərsizləşdirilib.

Qətliamın motivi isə M.Mehdiyevlə Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir. Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Nazim eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib. Belə məlumat da var ki, Natiq Qəmbərov olay zamanı evdə olub və o, silahlı basqınçıdan qaçıb canını qurtara bilib.

M.Mehdiyevin Qəmbərovlara qarşı son dərəcə qəddar davranışının kökündə dayanan motiv haqda müxtəlif söz-söhbətlər dolaşır. Bildirilir ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Moskvada birgə işləyiblər. Sonradan tərəflərin arası dəyib, konfliktə qədər böyüyüb. N.Qəmbərov mübahisə zəminində M.Mehdiyevi bir neçə dəfə vurub. Sonuncu dəfə isə N.Qəmbərovun M.Mehdiyevi ölümcül döyməsi xəbəri də var. Hətta qeyd olunur ki, döyülmədən sonra M.Mehdiyev 3 aya yaxın özünə gəlməyib, yaraları sağalmayıb. Həmin müddətdə isə N.Qəmbərov Azərbaycana, Hacıqabuldakı ata yurduna qayıdıbmış. Az əvvəl ayağa qalxan M.Mehdiyev də boya-başa çatdığı rayona qayıdıb, silah əldə edib və N.Qəmbərovdan qisas almaq üçün onun yaşadığı ünvana basqın edib. Onun əvəzində N.Qəmbərovun yaxınlarını öldürüb, özünə də atəş açıb.
Hüquq-mühafizə orqanları hadisə yerindən lüləsi və qundağı kəsilmiş silah götürüblər.


Olayla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də birgə rəsmi məlumat yayıblar. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehdiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehdiyevin şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qisas almaq niyyəti ilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.

Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.