Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə "gəlir ölçüsünün kiçildilməsi" ittihamı ilə cinayət işi açıb.
VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.
Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.
Agentlik isə vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını təkzib edib və məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.