Külli miqdarda dələduzluqda ittiham olunan Tamilla Eyyubovaya bəraət verilib. Bu barədə vəkili Adəm Məmmədov özünün "Facebook" səhifəsində yazıb.
Unikal.org xəbər verir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CM-nin 178.3.2-cü maddəsi ilə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğunu bildirən vəkil işə bəraətverici əsaslarla xitam verildiyini açıqlayıb.
"Guya Elman Cəfərovun 280 min ABŞ dollarını ələ keçirməyə görə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Tamilla Eyubova 9 ay həbsdə qalmasına baxmayaraq, həbsdən azad edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Hər iki şəxsin Gürcüstan Respublikasında şərikli hotel işlətmələri müəyyən edilib. Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc əldə edə bilməyərək, əsas məbləği belə qaytara bilməyiblər", - vəkil bildirib.
"Ən maraqlısı zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxs Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tutdurmusan, bunu əsəbləşərək etdiyini deyib. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyinə və sonuncunun ölkəni tərk edib getməməsi üçün onu qısqanclıq zəminində həbs etdirib. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir", - deyə vəkil əlavə edib.