Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylislinin hava limanından buraxılmaması və sonradan ona qarşı cinayət işinin açılması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Unikal.org xəbər verir ki, bu haqda musavat.com məlumat yayıb. Sayt bildiri ki, 78 yaşlı yazıçının ölkədən çıxmasına imkan verməyən hakimiyyət orqanlarının öz motivləri olub. Belə ki, iqtidar bu addımı bir sıra beynəlxalq güclərin yazıçıdan və onun ermənilərin xeyrinə yazdığı "Daş yuxular" romanından Azərbaycana qarşı istifadə etmək planını önləmək üçün atıb. Bu məlumatda iddia olunur ki, beynəlxalq güclər Əkrəm Əylisli və onun ermənilərin xeyrinə, birmənalı şəkildə Azərbaycana qarşı yazdığı "Daş yuxular" romanından ölkəmizə qarşı istifadə etmək məqsədi ilə plan hazırlayıb. Yazıçı Azərbaycana bir daha qayıtmayacaqdı və onu bütün dünyanı dolaşdıraraq, Azərbaycanın əleyhinə, ermənilərin xeyrinə danışdıracaq, sənədli filmlər, video-müsahibələr hazırlayacaqdılar. İşin sonunda Əkrəm Əylislinin erməni mənafeli "Daş yuxular"romanının Nobel mükafatına təqdimatı da var.

Sayt yazır ki, bu əsər onsuz da Nobelə təqdim olunacaq. Və böyük ehtimalla, məhz ermənilərin xeyrinə yazılan, Azərbaycana xəyanətin nümunəsi olan bu əsərə Nobel mükafatı da veriləcək. Lakin Azərbaycan hakimiyyəti yazıçını ölkədən buraxmamaqla, bu prosesin bəri başdan ölkəmiz əleyhinə, ermənilərinsə lehinə böyük kampaniyaya dönüşməsinin qarşısını alıb.

Məlumatlı mənbə bildirir ki, Ə.Əylislinin timsalında ikinci Orxan Pamuk nümunəsi yaratmaq planı olub.

Xatırladaq ki, yazıçı Əkrəm Əylisli martın 30-da səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Yazıçı Venesiyada keçirilən ədəbiyyat festivalına getmək istəyirmiş. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mediaya açıqlamasında Əkrəm Əylislinin buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanıldığını bildirmişdi. Ə. Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb.

Qeyd edək ki, "Daş Yuxular" əsəri 2014-cü ildə Nobel Sülh Mükafatına namizəd olub, amma yer qazana bilməyib.