"TƏK ARZUMUZ, İSTƏYİMİZ EMİNİMƏ MİLLİ QƏHRƏMAN ADI VERİLSİN" 

Qapılarından üçrəngli Azərbaycan bayrağı asılmışdı. İçəri daxil olduqda isə...

Şəhid yaxını olmaq bəlkə də daha ağırdır, amma bu ağrı Vətən ağrısıdır... Hamımıza ağırdır. Bu ailədə Vətən kəlməsi çəkiləndə hamı bir ah çəkir...

Unikal.org Milli.Az-a istinadən şəhid kəşfiyyatçı Emin Bağırovun evindən hazırladığı reportajı təqdim edir.

"Aprelin 2-si zəng vurdu ki, məndən nigaran qalmayın. Müharibə var, amma biz yaxşıyıq, öz torpaqlarımıza doğru xeyli məsafə irəliləmişik. Ata, sən də fikir eləmə.Yaxşıyam, heç burnumun ucu da qanamayıb..."

Şəhid Emin Bağırovun nənəsi ağlaya-ağlaya sözünə belə davam edir:

"Ön cəbhəyə könüllü gedib, deyib ki, mənim iki qardaşım var, mən olaram onların şəhid qardaşı... Evimizə gələn hərbçilər danışırlar ki, Emin düşmənə gülləni yerə uzanıb "zalım ermənilər, sizə lənət olsun" deyərək qışqıra-qışqıra atırdı. Mənə dedilər ki, nənə, ağlama, sənin nəvən 1 əsgərimizin yerinə 10 erməni öldürürdü. Nəvən ilə fəxr et, dedilər mənə. (ağlayır-red)