Azərbaycanda yeni yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələrinə və müharibə əlillərinə maddi yardım göstərəcək.
Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsində deyilir.
Qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə, habelə Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları olacaq.
Fondun fəaliyyətinin məqsədi Azərbaycanda dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Mənəvi Dəyərlərin Təbliği Fondu aşağıdakı istiqamətlərdə layihələrin həyata keçirilməsinə maliyyə təminatı yaratmaq üçün tədbirlər görür:
- mənəvi dəyərlərin qorunması, mənəvi, dini dəyərlərin araşdırılması;
- dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası;
- məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına dəstək;
- dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım, təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə maddi yardım;
- istedadlı şəÑ…slərin təhsilini davam etdirməsinə, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına maddi yardım;
- Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə maddi yardım;
- aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi ilə bağlı maddi yardım;
- xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərilməsi üçün tədbirlər görür, o cümlədən onların dərman vasitələri, zəruri ərzaq və əsas tələbat malları almasına maddi yardım;
- valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi ilə bağlı tədbirlər görür, onlara maddi yardım göstərir;
- çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial problemlərinin aradan qaldırılması və onlara ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması, habelə belə şəxslərə (ailələrə) sosial xidmət göstərilməsinin təşkili istiqamətində tədbirlər görür və b.
Fondun nizamnamə kapitalı 100 min manatdır.