İrəvanda ermənilərin kütləvi yürüş və mitinqini polis zor tətbiq edərək dağıdıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, aksiya iştirakçıları polis zorakılığından qəəblənərək prezident Serj Sarkisyanın iqamətgahına hücum etməyə çalışıblar.
Hazırda S.Sarkisyanın iqamətgahının ətrafında yüzlərlə xüsusi təyinatlı polis var. "Qırmızı beret"lər erməniləri Baqramyan prospektinə buraxmırlar. Həbslər gedir, artıq 42 nəfər saxlanıb.
Tutulanlar arasında Vaqe Qriqoryan, David Ovannisyan, Aram Karapetyan, Sarmen Şahicanyan, Mariə Ovsepyan, Asya Xaçatryan, Qayane Babloyan, Levon Qalstyan, "Armenia Today" agentliyinin koordinatoru Arqişti Kiviryan, 1in.am-ın jurnalisti Harutyun Aqlamazyan, Vardanuş Balayan və başqaları var.
"Ölkəmizin sahibləriyik" qrupunun təşəbbüsü ilə keçirilən yürüş iştirakçıları Ermənistanın müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbadyan, Baş Qərargah rəisi Yuri Xaçaturovun, Baş Qərargah rəisinin müavini Haykaz Bağmanyanın istefasını, məmurlarla oliqarxların mənimsədikləri pulların dövlət büdcəsinə qaytarılmasını, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də həlak olmuş Ermənistan hərbçilərinin ailələrinə 30 min dollar, yaralıların ailələrinə isə 5 min dollar ödənilməsini tələb edirlər.
Bundan başqa, aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu poza biləcək hər hansı sənədin imzalanmamasını, Azərbaycana heç bir rayounun qaytarılmamasını, münaqişə zonasında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməməsini tələb edirlər.