Bakı Ağır Cinayətlər Məhkəməsində 29 yaşlı Lənkəran şəhər sakini Mirzə Vahabovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Unikal.org virtualaz.org-aistinadən xəbər verir ki, prosesə hakim İradə Həsənzadə sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Mirzə Vahabov bu ilin aprel ayının 17-də Bakının Mərdəkan qəsəbəsində yetkinlik yaşına çatmayan Ə.M.-nın məktəbli çantasını əlindən almağa cəhd edib. Məktəbli qızın qışqırdığını görən kimi M.Vahabov hadisə yerindən qaçıb.
O, eyni əməli iki gün sonra başqa bir azyaşlı məktəbliyə qarşı da törədib. Qəflətən çantasının kürəyindən açıldığını hiss edən A.İ. səs-küy salan kimi M.Vahabov dərhal oradan uzaqlaşıb.
Hadisədən üç gün sonra M.Vahabov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 180-cı maddəsi ittiham irəli sürülüb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən M.Vahabov istintaqa verdiyi ifadəsində oğurluqda və soyğunçuluqda ittiham olunduğuna görə 6 il azadlıqdan məhrum edildiyini, 2010-cu ildə həbsdən çıxdığını deyib. Həbsdən sonra bir müddət paytaxtda fəhləliklə məşğul olub. Sonradan işləmək üçün Rusiyaya yollanıb. Amma orada da çox qalmayıb, geri qayıdıb. Azərbaycana döndükdən bir həftə sonra isə yeni cinayətə "imza atıb.
Mərdəkandakı fəhlə bazarında iş tapa bilmədiyini deyən M.Vahabov gecələri sanatoriyanın həyətində - oturacaqlarda keçirib. Üç gün ac qalıb, bazardakı fəhlələrdən borc pul istəyib, ona pul verən tapılmayıb. Bu dəfə pul istəmək niyyəti ilə qaynanası Səadətin işlədiyi təndirxanaya yollanıb. Qadın isə kürəkəninə nə pul, nə də çörək verib. Yenidən fəhlə bazarına üz tutan M.Vahabov "pirojki almaq üçün fəhlələrdən birindən pul istəyib:
"Cibində iki-üç manat pul olduğunu, "pirojki alıb yeyəcəyini dedi. Birlikdə yeməyi təklif etdi. "Günəşli sanatoriyasının həyətinə gəlib orada "pirojki yeyib spirtli içki içdik. Özlüyümdə fikirləşdim ki, azyaşlı uşaq olsa, məktəb çantasını götürərdim, çünki mənə cəmi 1-2 manat lazım idi. Düşünürdüm, bu elə böyük cinayət sayılmaz, buna görə məni tutmazlar. Qəsəbədə stansiya ərazisində belində məktəbli çantası olan qız gəldi. Onu izlədim, arxasınca bloka girdim. Əlimi uzadıb çantasını götürmək istəyəndə qışqırdı. Həyəcandan özümü itirdim, qaçıb getdim.
M.Vahabov sonrakı ifadələrində ittihamlarla razılaşmadığını, zərərçəkmişləri tanımadığını, onların çantalarını talamaq niyyəti olmadığını göstərib.
Yetkinlik yaşına çatmayan A.İ. ifadəsində məktəbdən evə qayıdan zaman binanın yaxınlığında dayanan şəxsin onun arxasınca bloka girdiyini görüb:
"Məni çağırıb Elçinin burada yaşayıb-yaşamadığını soruşdu. Dedim ki, tanımıram. Ona yol vermək istədikdə kürəyimdən çantamı dartmağa başladı. Çantamda 15 manat pul, telefon və kitablarım vardı. Ucadan qışqırdım deyə həmin adam blokdan qaçıb getdi. Evə gəlib balkondan baxanda gördüm hələ qaçır. Qardaşımla birgə onun arxasınca qaçdıq, yaxınlıqda olanlardan kömək istədik ki, onu saxlasınlar. Heç kim kömək etmədi. O da şəhər istiqamətindəki avtobuslara minib qaçdı.
Zərərçəkmiş Ə.M. ifadəsində məktəbdən evə qayıdarkən onunla birlikdə yaşadığı bloka bir nəfər kişinin daxil olduğunu deyib:
"Mənə yaxınlaşıb çantamı dartdı. Çantamda 10 manat pulum vardı. Qışqırdım, dedim, çıx get burdan. O isə əli ilə sakit qalmağımı işarə etdi. Üçüncü mərtəbəyə kimi dalımca gəldiyini görüb qonşunun qapısını döydüm. Qapı açılan kimi qaçıb getdi.
Məhkəmənin hökmü ilə Mirzə Vahabov 6 il müddətinə azadlıqdan məhrum edilib.