Müəssisə və təşkilat rəhbərlərinin gənc kadrlara marağını artırmaq üçün layihə başladılır.
Unikal.org "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu, "İşsizlikdən sığota haqqında qanun"un tətbiqilə mümkün olacaq.
Hesablamalara görə, yeni mexanizm il ərzində Sığorta Fonduna 90 milyona yaxın vəsait qazandıracaq. Vəsait müxtəlif sahələr üzrə xərclənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanovun sözlərinə görə, işəgötürən təhsilini yeni bitirən gənci ən azı 2 il ərzində işlə təmin etməlidir. Bundan başqa, əmək bazarına daxil olmaqda çətinlik çəkən sığortaolunanların da yeni işlə təmin olunması həyata keçiriləcək.
Fond hesabına görüləcək tədbirlər sırasında peşə hazırlığı və əlavə təhsilin, peşə yönümünə dair məsləhət xidmətinin, ayrılan qrantla əmək yarmarkasının təşkili kimi sahələr də var. Bağlanan və müflis olan müəssisələr nəzarə alınaraq fondun vəsaitinin 35 milyona yaxını işsizlik sığortasına ayrılıb.
"İşsizlikdən sığorta haqqında qanun" gələn ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş alacaqlar. Bu layihədə əsas məqsəd işsizləri yeni iş axtarmağa sövq etməkdən ibarətdir.