Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarında edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyindən bildirilib ki, qərara əsasən, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir.

Müəllif Hüquqları Agentliyi nəzərə çatdırıb ki, bu qonorar şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən ödənilməlidir.

Ödənilmiş qonorarın müəlliflər və hüquq sahibləri arasında bölünməsi və onlara çatdırılması üçün toy mərasimində səsləndirilən musiqili əsərlərin repertuarı də təqdim olunmalıdır. Qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır.

Qeyd etmək lazımdır ki, bundan öncə Vergilər Nazirliyi toy mərasimlərinin təşkili ilə bağlı müvafiq vergilərdən yayınmanın qarşısını almaq üçün həmin mərasimlərin keçirildiyi məkanlarda kameral nəzarət sistemi tətbiq edib və bu sistem uzun müddətdir ki, effektiv fəaliyyət göstərir. Başqa sözlə, şadlıq evləri, kafelər və restoranlar hər hansı bir gündə toy mərasiminin keçirildiyini müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilatdan gizlədərsə, həmin qurumların Vergilər Nazirliyinə müraciəti nəticəsində əldə etdikləri rüblük hesabata əsasən bu yalan aşkara çıxarılacaq. Mövcud qanunvericiliyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına, o cümlədən müəllif qonorarını ödəməkdən yayınmaya görə istifadəçiləri ciddi mülki, inzibati və cinayət məsuliyyəti gözləyir.


Müəllif Hüquqları Agentliyindən daha sonra bildirilib ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 45-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.


Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması və yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ var.


İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur. "Az miqdarda ziyan vurduqda dedikdə, min manatadək olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırma nəzərdə tutulub.


Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub. "Xeyli miqdar dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür: "Göründüyü kimi, toy mərasimlərinin keçirilməsini müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilatdan gizləyən və qonorar ödəməyən obyekt sahibləri qanunvericilikdə nəzərdə tutulan sanksiyalarla üzləşəcəklər".