Dünyanın ən böyük şirkətlərindən olan "Siemens" konserni (Almaniya) iş yerlərini əhəmiyyətli dərəcədə ixtisar etmək niyyətindədir.

Unikal.org Bild-ə istinadən bildirir ki, 6900 nəfər işdən çıxarılacaq. Onların yarısı Almaniyadakı müəssisələrdəki işçilər olacaq.

Konsern Almaniyanın şərqindəki Saksoniya federal əyalətinin Görlits və Leypsiq şəhərlərindəki iki turbin zavodunu bağlayacaq. Bu zavodlarda 920 nəfər çalışır.

Erfurt şəhərindəki zavod isə satılacaq.

İxtisarların əsas hissəsi energetika avadanlığı istehsal edən sahələrə düşür. Burada 6100 nəfər işsiz qalacaq. Elektroavadanlıq istehsalı sahəsindəki müəssisələrdə isə 760 nəfər işdən çıxarılacaq.

Onlar əsasən "Siemens"in Berlindəki zavodunun əməkdaşqları olacaq.

"Siemens"in kadrlar departamentinin rəhbəri Yanina Kuqel deyib: "İstehsal güclərinin ixtisarlarının mümkün qədər ehtiyatlı, yumşaq və uzunmüddətli olması üçün konsern əlindən gələni edəcək".