Tarif Şurasının qiymət tənzimləmələri bəzi preparatları yoxa çıxarıb
Aprelin 5-də Tarif Şurasının keçirdiyi iclasda Şuranın qərarı ilə Azərbaycanda daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.
Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77 faizini təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş 1334 dərmanın yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək. 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin qiymətləri endirilib.
Qiymətlərin tənzimlənməsinə baxmayaraq şəhər sakinləri son günlərdə bir çox dərmanları əldə etməkdə çətinlik çəkirlər. Bizimyol.info-ya müraciət edən bir neçə sakin, şəhərin bütün apteklərini gəzməklərinə baxmayaraq lazım olan preparatı tapa bilmədiklərini deyiblər.
Bakı sakini Leyla Seyidova bildirir ki, övladı bir neçə gün öncə xəstələndiyinə görə həkimə müraciət ediblər. Həkim müayinə etdikdən sonra resept yazıb: "Reseptdəki dərmanlardan yalnız ikisiniala bildik. Digərlərinə görə bütün aptekləri gəzdik. Hansı əczaçıya yaxınlaşdıqsa, dedi ki, o dərman yoxdur. Nə vaxt olacağı da məlum deyil. Həkimə zəng vurub məsələni dedik. O da bir neçə aptekdən maraqlanacağını bildirdi. Ancaq həkim də dərmanların tapılmadığını söylədi. Sonra iki dərmandan birinin əvəzedicisini yazdı. Ancaq digər dərmanın əvəzedicisi olmadığından onu da ala bilmədik. Yəni məsələ qiymətlərin salınması deyil. Onsuzda nə qədər qiymətlər endirilsə də, bizim gəlirimizə uyğun deyil. Ən azından əvvəllər od bahasına olsa, dərmanı tapa bilirdik. İndi o imkan da yoxdur. Bir sözlə, nə pul var, nə də dərman. İndi övladımın səhhətindəki problem o qədər ciddi olmadığından birtəhər sağaldı. Ancaq sabah daha ciddi problem yaşansa, bu zaman mən onun sağalması üçün dərmanı tapa bilməsəm, nə edəcəm? O zaman kim məsuliyyət daşıyacaq bunun üçün?"
Həkim Adil Qeybulla şərhində bildirdi ki, tək xəstələr yox, həkimlər də müəyyən dərmanları apteklərdən tapmağa çətinlik çəkirlər: "Bu gün apteklərdən xeyli dərmanları tapa bilmirik. Bu faktdır. Bəzi dərmanlar yoxa çıxıb. Bu isə xeyli işdə çətinlik yaradır. Elə dərmanlardır ki, onların analoqu və ya effektiv analoqu yoxdur. Hesab edirəm ki, hansısa bir reyestr yaradılmalıdır ki, heç olmasa müəyyən zəruri istifadəsi olan dərmanların ölkəyə idxalı təmin olunsun. Çünki bununla bağlı dərmanların adambaşına olan istehlak statistikası çıxarılmalıdır. Hansı dərman preparatı daha çox istifadə olunursa, bu gün bazarda yoxdursa, onun hansısa formada ölkədə istehsalı təmin edilməlidir. Əgər dərman yoxa çıxıbsa və bu müalicəyə neqativ təsir edirsə, biz burda nə qazanırıq ki? Əksinə itiririk. Hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalı və araşdırılmalıdır. Tələb olunana və daha çox işlənilən dərmanların ölkəyə idxalı təmin olunmalıdır".
Türkiyədən Azərbaycana yeni gəlmiş uzman doktor Zamin Həşimov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Türkiyədə dərmanlar tibbi sığorta paketinə daxil olduğundan, əhali üçün pulsuzdur: "Azərbaycanda bəzi dərmanların tapılmaması fikrinə gəldikdə isə, əslində ölkədə bir çox lazımsız dərmanlar var. Onların tapılmaması elə tapılmasından daha yaxşı olar. Fikrimcə, həyati əhəmiyyətli dərmanlar ölkədə tapılır. Şəkər dərmanları, ürək dərmanları, təzyiq dərmanları tapılmadıqda deyə bilərik ki, insan həyatı üçün əhəmiyyətli olan dərmanlar tapılmır. Məncə, bu dərmanlar var. Ola bilər ki, iqtisadi səbəblərdən hansısa şirkət iflas edə bilər və həmin dərmanı buraxmaz. Bunlar da Azərbaycanda Tarif Şurasının təyin etdiyi qiymətlərdən və ya başqa səbəblərdən öz gücünü saxlaya bilməz, həmin şirkətin də o adda olan dərmanı tapılmaya bilər. Ancaq tapılmayan dərmanla eyni tərkibdə və ya ona bənzər tərkibdə olan dərmanlar mütləq olmalıdır və yəqin ki, də var. Ona görə konkret hansı dərmanların tapılmadığını bilmək lazımdır".
Z.Həşimov deyir ki, Tarif Şurasının aldığı qərar son 5-10 ildə dərmanların qiymətində elə ciddi dəyişikliklər etdi ki, dərman şirkətləri də ciddi maddi sıxıntılar yaşadılar: "Xalqın mənafeyini düşünürəkən buna bənzər islahatlar olur və olması da vacibdir. Bunun da iqtisadi zərərlərini müəyyən şirkətlər də görə bilərsiniz. Bu da başqa bir mövzudur. Dərmanların keyfiyyətinə gəldikdə isə, uzun illərdir Türkiyədə işlədiyimdən Azərbaycanda istifadə olunan preparatların keyfiyyətinə o qədər də bələd deyiləm".
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində dünyanın heç bir yerində dövlət bazara bu qədər müdaxilə etmir. Dövlətin əlində olan alətlər tamam fərqlidir: "Dövlət və hökumət qurumları çalışmalıdır ki, bazarda kifayət qədər dərman firması olsun və rəqabətli mühit yaransın. Həmin rəqabətdən doğan qiymət siyasətinə görə məcburən bir çox şirkətlər bazara uyğunlaşmalı və daha aşağı qiymətlər təklif etməyə başlamalıdır. Hökumətin digər əlində olan alət isə icbari tibbi sığortanı tətbiq etməkdir. Artıq 17 ilə yaxındır ki, bununla bağlı qərar var. Ancaq bunun həyata keçirilməsi üçün heç bir addım atılmır. İcbari tibbi sığorta olsa, ən azından dövlət öz tərəfindən müəyyən dərəcədə sığorta ödənişlərinin maliyyələşmələrində iştirak edə bilərdi. Türkiyənin bu sahədə çox effektiv modeli var. Sığortası olan xəstələrə apteklərdən dərmanlar alarkən onların dəyərinin bir hissəsi dövlət tərəfindən ödənilir. Yəni bu ikinci yoldur".
N.Cəfərli deyir ki, üçüncü yol isə dərman şirkətlərinə tətbiq olunan vergilər azaldıla bilər: "Həm əlavə dəyər vergisi, həm də digər gömrük və vergilərdən söhbət gedir. Bu da təbii ki, qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Azərbaycanda hazırda dərman istehsal olunmur. Ancaq dərman şirkətlərinə 15 faiz gömrük rüsumu, 17 faiz isə əlavə dəyər vergisi tətbiq olunur. Avtomatik olaraq dərmanların qiyməti 34 faiz qalxır. Bunun qarşısını almaq lazımdır. Hökumət bunu etməkdənsə, sovetdən qalma yöntəmlə şirkətlərə müdaxilə etməyə, qiymətləri tənzimləməyə çalışır. Bu da heç vaxt effektiv olmayacaq. Bunun nəticəsi olaraq dərmanların tapılmaması da gündəmə gəlir. Bir çox dərman preparatları apteklərdə tapılmır. Bunun hamısı dövlətin müdaxiləsinin doğru olmamasına işarədir".
Dərmanların qiyməti bahalaşdığından, tibbi sığorta şirkətlərinin də xərcləri artıb. Bu isə tibbi sığortanın bahalaşmasını qaçılmaz edir. Nəticədə onsuzda kütləvi hal almayan tibbi sığortaya maraq daha da azalır.
Ekspertlər vəziyyətdən çıxış yolunu klinikalara və həkimlərə nəzarətin artırılmasında görür. Çünki bəzən klinika və ya həkim sığortalı xəstəyə lazım olandan artıq analizlər, dərmanlar yazır. Bu da sığorta şirkətinin xərcini artıran əsas amillərdən birinə çevrilir.
Klinikalar da tibbi sığorta şirkətləri ilə işləməkdə maraqlı olduqlarından, qiymət siyasətlərində sığorta şirkətlərini də nəzərə almağa başlayıblar. Əks halda müştəri itirəcəkləri məlum məsələdir.
bizimyol