Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.
FHN-dən Unikal.org-a verilən məlumata görə, yanğın hadisəsi olmayıb.
Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.
Partlayış zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Musayev Fərhad Musa oğlu xəsarətlər alıb. Ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.
20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.