Son vaxtlar ölkədə avtomobillərdən oğurluq hallarının sayı xeyli artıb.
Unikal.org Lent.az-a istinadla xəbər verir ki, avtomobillərin şüşələrini qıraraq salondan oğurluq edilməsi halları ilə yanaşı, akkumulyator, marka nişanları və yan güzgülərin gecə saatlarında oğurlanması hadisələri kəskin artıb.
Belə ki, təkcə bir gecədə Xətai rayonu Gəncə prospektində 4-5 avtomobildən belə oğurluq edilib. Polisə müraciət edən Xətai sakini Nail Kərimov Gəncə prospekti 16-nın qarşısında saxladığı "Mercedes markalı avtomobilinin mön cə arxa marka nişanlarının gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Avtomobilin güzgüsünü qopara bilməyən oğrular onu sındıraraq sürücüyə ziyan vurublar. Həmin ünvandakı binada yaşçayan digər sakin Sadiq Musayevin isə elə həmin gecə "Mercedes markalı avtomobilinin sağ və sol güzgüləri və sağ dönmə nişanı oğurlanıb. Eyni binada yaşayan Əvəz Şəmiyevin də başına oxşar hadisə gəlib. Onun maşınının da sağ və sol yan güzgüləri oğurlanıb.
Bundan başqa Xətai rayonu Xudu Məmmədov, Məhəmməd Hadi və Cavanşir küçəsinin sakinləri də belə əməllərlə bağlı polisə müraciət ediblər. Oğurluq hadisələrinin əksəriyəttinin "Mercedes markalı avtomobillərdən törədilməsi də diqqət çəkir.
Qeyd edək ki, bu günlərdə Suraxanı polisi Hövsan qəsəbəsində 37 avtomobildən oğurluq edən 2 nəfəri yaxalayıb. Digər rayonlardakı oğurluq hadisələrini törədənlərin tutulması istiqamətində iş aparılır.