Qubadlı Rayon Təhsil Şöbəsində "Fövqəladə hallar uşaqların gözü ilə mövzusunda rayon məktəbliləri arasında keçirilmiş VII ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Qubadlı Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb müəllimləri, valideynlər iştirak ediblər.
Unikal.org xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bildirilib ki, sentyabr-dekabr ayları ərzində keçirilən müsabiqənin məqsədi uşaqlara təhlükəsizliyin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsi olub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Sonra qaliblərə fəxri fərmanlar və hədiyyələr verilib.
Mükafatları Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun rəhbəri Emin Ramazanov və Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov təqdim ediblər.