Qadınlardan ibarət milli komandaya yeni təyin olunan Natiq Bağırov mətbuat konfransındakı açıqlamasıyla diqqət çəkib. O, bildirib ki, qadın yığmamızda legionerlərə ehtiyac var. 

Maraqlıdır ki, ilin əvvəlində 3 nəfər monqolustanlı qadın idmançı milllimizin heyətinə daxil edilib. Belə olan halda bəzi suallar yaranır...

Yeni baş məşqçinin öz namizədləri var? O, "monqol turistləri bəyənməyib? Yoxsa yerli qadın idmançı yetişdirməkdə çətinlik çəkir?

Bu suallara cavab tapmaq üçün Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. O, unikal.org-a açıqlamasında baş məşqçinin fikirlərini mentalitetlə bağladı:

"Bilirsiniz ki, Natiq Bağırov dünya və Avropa çempionudur, Azərbaycanın tanınmış mütəxəssisidr. Bu gün onun kimi idmançının bizimlə çalışması fərəh doğurur. Onun da baş məşqçi kimi öz proqramları var. N.Bağırovun dediyi nəyə görə belə qarşılanır?

Kişilərin komandası böyük uğurlara imza atır. Tək-tük yığma komandalardan biridir ki, kişilərdən ibarət millidə legioner yoxdur. Təkcə ağır çəkidədir, gürcüstanlı cüdoçu...

Qalanları öz yerli idmançılarımızdır. Amma qadınlardan ibarət güləş və cüdo komandalarında problem var. Bu gün azərbaycanlı kişisi öz qızını nə güləşə, nə də cüdoya yazdırmır. Mentalitetdən aslıdır.
Natiq Bağırov da demir ki, bütün komanda əcnəbiləşəcək. Yerli qadınlarımız da var. Əlbəttə ki, onların üzərində də işlənəcək. Hazırda komandada rəqabət var. Elə monqolların cəlb olunmasından sonra da komandada rəqabət artdı.

Ağır çəkidə Ukrayna əsilli idmançımız dünya çempionunda ikinci yeri qazanmışdı. Təbii ki, yerli qızlardan güclülülər olarsa, onlara üstünlük veriləcək. Əlbəttə ki, yerli idmançılara da şərait yaradılır, federasiya tərəfindən təlim-məşq toplantısına göndərilir.

E.Əşrəfoğlu yeni baş məşqçini monqol idmançıların qane etməməsi məsələsinə də toxunub:

"Əksinə, Natiq müəllim komandaya təyin olunandan sonra bildirdi ki, monqollarla daha müntəzəm işləmək lazımdır. Onlardan nəsə çıxacaq. Əksinə, tam qane etməmək söhbəti yoxdur. Monqollarla eyni çəkidə olan yerli qadın idmançılarımız da var. Söhbət daha ağır çəkilərdən gedir, hansı ki, orada problemlər var.

İndi qadınlar da kişilər də komanda yarışında bir çıxır. Təsəvvür edin 3 kişi idmançı komanda yarışında iştirak edir, 2 qadın idmançı yoxdur. Artıq biz həmin görüşə 0:2 hesablı məğlubiyyətlə başlayırıq. Regionlarda bu idman növünün kütləviləşməsi üçün işlər görülür.

Təsəvvür edin, hazırda davam edən yerli çempionata rayonlardan gəlib qatılan idmançıların ödəmələrini qalmaq, yemək, ezamiyyə xərclərini federasiya özü ödəyir. Əvvəllər belə bir hal yox idi. Bizim qapımız açıqdır.

Aygün İlqarqızı