Azərbaycanda insan alveri qurbanlarının sayı ildən-ilə azalır. Amma ailə zorakılığı və erkən nikahlarla bağlı faktlar artmaqdadır.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, təşkilatın sığınacağına insan alverinin qurbanı olan 38 qadın yerləşdirilib. Onların əksəriyyəti 20-28 yaşlılardır. Aralarında 65 yaşı olan 1 qadın da var. "Araşdırmalar göstərir ki, qadınların əksəriyyəti yaxınları tərəfidən aldadılıb. Bir neçəsi ali təhsillidir", -Zeynalova söyləyib.

Hüquq müdafiəçisi deyir ki, ailə zorakılığı və boşanmaların səbəbləri sırasında sosial şəbəkələr birinci yeri tutub. İl ərzində təşkilata müraciət edən qadınların əksəriyyəti sosial şəbəkədə tanış olub, bəzisi ailə qursa da, uğursuzluqla nəticələnib.

"Bir qadın müraciət etmişdi, tanımadığı kişinin yazdıqlarını bəyəndiyi üçün həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmışdı. Bəziləri isə bilməyərəkdən tora düşür, virtual tanışlıq maraqlı gəlir. Kişilərin çoxu sosial şəbəkədə onlayn tanışlığı xəyanət kimi qiymətləndirir", -təşkilat rəhbəri söyləyir.

Bu il sığınacağa 11 miqrant yerləşdirilib. Zeynalova deyir ki, bir neçəsi dini kəbinlə ailəli olub. Onların arasında 14 yaşlı qız da var. Miqrant qadınlar əsasən zorakılıqdan şikayətçidir. Onlar Ukrayna, Gürcüstan, Özbəkistan, Çeçenistan, Qazaxıstan vətəndaşlarıdır.

Təşkilat rəhbəri aparılan təbliğatlara baxmayaraq hələ də erkən nikahların olduğunu deyir. Bu il 81 nəfər 14-16 yaşında ailə qurub. Ailə zorakılığı ilə bağlı edilən müraciətlər də araşdırılıb. Bəlli olub ki, ən çox müraciət Bakının Binəqədi rayonundan daxil olub.

M.Zeynalovanın sözlərinə görə ailə zorakılığından şikayətçi olanların əksəriyyəti 25-35 yaşlılardır: "Təəssüf ki,hələ də dini kəbinlə ailə quranlar var. Müraciət edənlərin əksəriyyəti qeyri-rəsmi nikahda olanlardır. Ötən həftə sığınacağa gətirilən qadının uşağı əlindən alınıb, özünü isə küçəyə atıblar. Qadının rəsmi nikahı olmadığından əmlak, aliment problemini həll etmək çətinləşir. Qadın var ki, 3 dəfə ailə qurub, heç biri ilə rəsmi nikahı olmayıb. Hər dəfə də aldadıldığını, zorakılığa məruz qaldığını söyləyir".

QHT rəhbərindən aldığımız məlumata görə hazırda təşkilatın nəzdindəki sığınacaqda olanlar arasında 6 uşaq anası da var. Sığınacağa gələn 10-a yaxın qadının 6 və daha çox uşağı var. Onlarla söhbət əsnasında məlum olur ki, bəzisi dini baxışına, bəzisi də həyat yoldaşının təkidi ilə övlad dünyaya gətirib. Amma uşaqlara baxmağa imkanı yoxdur. Hazırda sığınacaqda qalan bir qadının 5-ci övladı əlindən alınaraq satılıb. Qadın övladının geri qaytarılması üçün polisə müraciət edib, elə bu ərəfədə də 6-cı uşağını dünyaya gətirib. Amma həyat yoldaşı onu və övladlarını küçəyə atılıb, başqası ilə evlənib...