"Qəbələ futbol klubu bəyanat yayıb.
Unikal.org xəbər verir ki, əyalət təmsilçisi "Qarabağın futbolçusu Mahir Mədətovu qınayıb.
Buna səbəb 31.12.2017-ci il tarixində "CBC Sport telekanalının efirində "Qış nağılı verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.
Bəyanatda bildirilir ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi "Qəbələnin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib: "Qəbələ İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir".
Bütün bunları nəzərə alan klub "Qarabağ rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.