Ötən ilin noyabrında "Barselona ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan Lionel Messi qərarını dəyişə bilər. Onun vaxtından öncə klubdan ayrılacağı iddia edilir.
Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinə yaxınlığı ilə tanınan "El Mundo Deportivo nəşri müqavilədəki maraqlı bir bəndi ortaya çıxarıb. Belə ki, qəzetdə yer alan məlumata görə, Messi yeni müqaviləyə xüsusi bir bənd də əlavə etdirib. Bu bəndə əsasən, Kataloniya İspaniyadan ayrılacağı təqdirdə, Leo yalnız müəyyən şərtlər daxilində "Barsada qalacaq.
Bu şərtə əsasən, Messinin klubda qalması üçün komanda İspaniya, İngiltərə, Fransa və ya Almaniya kimi ölkələrin çempionatlarında mübarizə aparmalıdı. "Barsa bu çempionatlardan birində çıxış etməsə, argentinalı futbolçu klubdan ayrılmaq hüququna malik olacaq.
Xatırladaq ki, ötən ilin sonlarında Kataloniya bölgəsinin İspaniyadan ayrılması gündəmə gəlmiş, hətta bu məsələylə bağlı muxtar bölgədə referendum da keçirilmişdi.