Saqqalına görə güləş federasiyası ilə problemlər yaşayan, uzun müddətli fasilədən sonra milliyə qayıdan idmançı Elçin Əliyev ölkəni bir dəfəlik tərk edib. Belə ki, baş katib Əjdər Cəfərovun vaxtında saqqal buraxıdığı üçün millidən uzaqlaşan iki qat Avropa çempionu Elçin Əliyev karyerasını Tükriyədə davam etdirmək fikrindədir.
Unikal.org-un əldə etdiyi məlumata görə artıq 3 ilə yaxındır ki, ailəsi ilə Türkiyədə yaşayan idmançı ötən ilin əvvəlində Azərbaycan millisində yenidən çıxış etmək qərarına gəlsə də, komandada özünə yer tapa bilməyib. Saqqalını qısaltdıqdan sonra komandaya qayıdıb, 2 aya yaxın milllinin təlim-məşq prosesində iştirak edən güləşçi Azərbaycanı və komandasını bir dəfəlik tərk edib.
Aldığımız digər məlumata görə, E.Əliyev hazırda Türkiyə klublarından birində çıxış edir. O, qardaş ölkə adına milli komandada çıxış edəcəyi vaxtı gözələyir. Hətta bildirilir ki, bununla bağlı Türkiyə Güləş Federasiyasında çalışan bəzi səlahiyyətli şəxslərlə danışıqlar da aparılıb.
Xatırladaq ki, bir neçə il öncə vəhabi damğası vurulan, uzun müddətdən sonra milliyə qayıdan idmançı saqqal məsələsinə görə federasiya ilə problem yaşamışdı. Hətta məsələdə səbəbkar kimi Azərbaycan Güləş Federasiyasının keçmiş baş katibi Əjdər Cəfərovun adı hallanırdı. Vaxtılə E.Əliyevə "saqqalını qırx" desələr də, o "dinimdən, əqidəmdən dönmərəm" deyib karyerasını bitirməyi üstün tutmuşdu.
Aygün İlqarqızı