Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, federasiyanın birinci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günədək görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.
Federasiya prezidentinin salamlarını tədbir iştirakçılarının diqqətinə çatdıran Firdovsi Umudov qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib.
Qeyd edib ki, güləşçilərimiz son on ildə mütəmadi olaraq qitə və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıblar. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər yaş kateqoriyasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi üzrə yığmalarımız qatıldıqları mötəbər beynəlxalq yarışlarda komanda hesabında ilk üçlükdə qərarlaşıblar. Təbii ki, qazanılan bütün bu uğurlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi daimi qayğının nəticəsidir. Azərbaycan Prezidentinin çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir.
2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan Firdovsi Umudov əsas hədəfin Yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar qazanmaq olduğunu deyib.
"Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nancinq olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun davam etdirirlər. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək hazırlığımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şəraitdən bəhrələnən idmançılarımız xalqımızı yeni qələbələrlə sevindirəcəklər, - deyə Firdovsi Umudov əlavə edib.
Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Firdovsi Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib: "Sizinlə birlikdə çalışacağıq ki, göstərilən etimadı doğruldaq. Bu günədək məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdir. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəyəm. Bütün məşqçilərdən və yığma komandaların üzvlərindən də nizam-intizama ciddi riayət etmək tələb olunur. Bizim məqsədimiz və hədəfimiz dəyişməzdir. Azərbaycan güləşini daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var-gücümüzlə çalışmalıyıq. Bizim əsas hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir.
Görüşün sonunda yığma komandaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib və müvafiq göstərişlər verilib.