Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində ikinci tura yekun vurulub.
Unikal.org-un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu qələbə ilə başa vurub.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub.
Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. Sabiq və hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsenin (Norveç) də 1,5 xalı var. Turnir cədvəlinə isə 2 xalla Aniş Giri (Hollandiya) başçılıq edir.
Qeyd edək ki, yanvarın 15-də keçiriləcək üçüncü turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.