Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir keçirilir.

Unikal.org-a AGF-dən verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstab, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir.

İlk yarış günündə 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə 120 pəhləvan mübarizə aparıb.

Turnirin rəsmi açılış mərasimindən öncə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının kollektivi, eləcə də qonaq komandaların rəsmi nümayəndələri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edib, məzarları üzərinə əklil qoyub, gül dəstələri düzüblər.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. 1990-cı ilin 20 yanvar hadisələrini xatırladan İsmayıl İsmayılov şəhid olanlar arasında idmançıların olduğunu, onlardan 3 nəfərinin Milli Qəhrəman adına layiq görüldüyünü bildirib.

Yarış iştirakçılarına öz təşəkkürünü bildirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev 20 yanvar şəhidlərinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Şəhidlərimizin ailələrinin dövlətimiz tərəfindən yüksək diqqət və qayğıyla əhatə olunduğunu deyən Xəzər İsayev bundan sonra şəhidlərin olmamasını arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayıb, yeniyetmə pəhləvanlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güləşçiləri beynəlxalq arenada, Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında böyük uğurlar qazanıb. Azərbaycan idmançılarının nailiyyətləri ölkəmizdə xalqımız tərəfindən də böyük sevinclə qarşılanır. Natiq bildirib ki, qan yaddaşımız 20 yanvar hadisələrində vətənpərvərlik göstərərək şəhid olan bütün soydaşlarımız bizim qürur mənbəyimizdir. Bu gün turnirinə toplaşdığımız 20 yanvar şəhidi Müşviq İsayev də idmançı kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib. 2018-ci ilin oktyabrında Argentinada yeniyetmə güləşçilərin 3-cü Olimpiya Oyunlarının keçiriləcəyini vurğulayan Firdovsi Umudov bu turnirin məşqçilər və idmançılar üçün Olimpiadaya hazırlığın bir mərhələsi kimi əhəmiyyətini qeyd edib.

Çıxışlardan sonra ilk yarış gününün final görüşləri keçirilib. Qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunub.