Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsi 24 ünvanında olan çox illik ağacların kəsilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, küçə sakinləri məsələyə etiraz etsə də buna məhəl qoyulmayıb: "Bu ərazi Nəsimi rayonun tərkibindədir. Əgər ağac kəsiminə icazə verilibsə bu onların razılıq əsasında həyata keçirilib".
Sakinlər məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə də müraciət ediblər. "Qaynar xətt dən onlara bildirilib ki, həmin ərazidə ağac kəsiminə icazə verilməyib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.
Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.