Xəbər verdiyimiz kimi, Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu Azərbaycan Basketbol Federasiyasıyası ciddi problemlərlə üz-üzə qalıb.
Unikal.org-un məlumatına görə, həmin problemlərdən biri basketbolçuların və federasiya üzvlərinin bir-bir qurumu tərk etməsidir. Onlar maliyyə problemi, məşq üçün zalların olmaması və diqqətdən kənarda qaldıqları üçün bu addımı atırlar.
Azərbaycan Basketbol Federasiyasını tərk edənlərdən biri də milli komandanın meneceri və federasiyanın keçmiş icraçı direktoru, türk əsilli Levent Türknasdır.
O, unikal.org-a diqqətdən kənarda qalan Azərbaycan basketbolundan danışıb:
"Uzun müddətdir ki, Azərbaycandan getmişəm. Azərbaycanda basketbola digər idman növləri kimi maliyyə ayrılmır. Aidiyyatı qurumun və Basketbol Federasiyasının belə bir planının olmayacağını 4-5 illi bir inkişaf proqramı yarada bilməyəcəyini gördüm. Azərbaycanda basketbolun digər idman növləri kimi inkişaf etməyəcəyini anladım. Buna görə də sevdiyim Azərbaycandan ayrılmaq məcburiyyətində qaldım".
Qeyd edək ki, ABF-nin vitse-prezidenti Azər Qədirov da Unikal.org-a açıqlamasında federasiyadakı problemlərdən, nazirliyin diqqətsiz yanaşmasından danışmışdı.