UEFA futbolçu menecerlərinin transferlərdən əldə etdiyi gəlirləri məhdudlaşdırmağı planlaşdırır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, UEFA-nın nəzdində fəaliyyət göstərən Peşəkar Futbol Strategiyası Şurasının (PFSC) İsveçrənin Nyon şəhərində keçirilən iclasında menecerlərin transferlərdən əldə etdikləri yüksək qazanc müzakirə olunub. İclasdan sonra edilən açıqlamada PFSC-nin menecerlərin transferlərdən yüksək haqq əldə etməsinə qarşı olduğu, bunun qarşısının alınması istiqamətində qərar qəbul ediləcəyi vurğulanıb.
Xatırladaq ki, bir müddət öncə "Arsenaldan "Mançester Yunaytedə transfer olunan Aleksis Sançesin meneceri Fernando Feliçeviçin bu keçiddən 15 milyon funt-sterlinq qazandığı barədə xəbərlər yayılmışdı. 2016-cı ildə, Pol Poqbanın MY-yə keçidi zamanı isə onun meneceri Mino Rayolanın 24 milyon funt-sterlinq qazandığı iddia edilmişdi.