Unikal.org xəbər verir ki, milli komandamızın baş məşqçisi Qurban Qurbanov Moldova ilə hazırlıq oyunundan əvvəl apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Milli komanda ilə ilk toplanışınızdı. Klubla yığma arasında hansı fərqlər var?
- Fərq əlbəttə ki, var. Hamı anlayırki, bu, milli komandadı. Klubda demək olar ki, hər gün bir yerdə oluruq. Amma burda məsuliyyət daha da böyükdü. Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi başa salmalıyam.
- Psixoloji hazırlıq çox önəmlidi. Düşərgədə "Neftçinin futbolçuları da var ki, sınaq oyunlarında ardıcıl məğlub olublar. Onlarla ümumi söhbət aparılıbmı, vəziyyət necədi?
- Bu gün tam istədiyimiz oyunu tələb etmək düzgün çıxmaz. Hər klubun hazırlığı fərqlidi. Düşünürük ki, sınaq oyunlarında nəticə o qədər də önəmli deyil, amma bir şey də var ki, məğlubiyyətə baxmayaraq, məşqçi öz istədiyini oyunçulardan ala bildimi? İndiki halda psixoloji vəziyyətdənsə, oyunçuların fiziki yorğunluğu daha çox təsir edə bilər. Bəzi futbolçular var ki, ayın 25-i, 27-si 90 dəqiqə və hətta daha da artıq oynayıblar. Bu, məni daha çox narahat edir. Yorğun oyunçunun matça hazır olma ehtimalı azdı, üstəlik zədələnmə riski yüksəkdi. Milliyə gələn hamı peşəkar oyunçulardı və bilirik ki, fikrimiz ancaq burda olmalıdı. Bütün oyunçuları tanıyırıq, güvənirik.
- Moldova ilə oyunda nəticə nə dərəcədə vacibdi?
- Nəticə mütləqdi, istərdik ki, uğurlu start verək, amma dediyim kimi bir oyun çox azdı, istərdik ki, iki oyun keçirək. Alınmadı. Buna görə də nəticəyə mütləq önəm verəcəyik. Amma əsasən, düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldovanın Cənubi Koreya ilə oyunun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır.
- "Qarabağda rotasiyalarınız adətən uğurlu alınırdı. Millidə də belə dəyişikliklər, hansısa oyunçunun fərqli mövqedə oynamasını görəcəyikmi?
- Rotasiyaya ehtiyac yoxdu. Amma elə mövqelər var ki, artıq özlüyümdə düşünmüşəm ki, bir hissə oynayacaqlar. Oyunun gedişatına da baxacağıq. On uyğun hərəkət edəcəyik.
- Özünüz də dediniz ki, bir oyun sizin üçün azdı. Olmazdı ki, Antalyada hazırlıq keçən güclü klublardan birini rəqib kimi seçərdik?
- Mən çox istərdim ki, oyunlarımız milli səviyyəsində olsun. Klublarla qarşılaşmağı istəmirəm. Oyunçuların hansısa yığmaya qarşı hazırlaşmalarını istəyirəm. Bunun bizə çox faydalı olacağını da düşünmürəm.