"Əgər təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılmasından söhbət gedirsə, hesab edirəm ki, burada müəyyən şərtlər yerinə yetirilməlidir.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı APA-nın sualına cavab olaraq Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, müşahidəçilərin sayının artırılması məsələsində təmas xəttində yaşayan mülki azərbaycanlıların qətlə yetirilməsinə son qoyulmasına nəzarətin gücləndirilməsi birinci şərtdir.
"Bundan başqa, müşahidəçilərin sayının artırılması texniki prosedur olsa da, düşünürəm ki, bu məsələni Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin substantiv həllinə hesablandığı təqdirdə müzakirə etmək olar. Amma eyni zamanda hesab edirəm ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistan öz üzərlərinə belə bir öhdəlik götürməlidirlər ki, rəsmi İrəvan bu məsələdə "status-kvo"nun uzadılması kimi məkrli məqsəd güdməsin. Çünki Ermənistan həmişə münaqişə ilə əlaqədar konkret nəticə hasil olan anda danışıqlardan qaçır, "status-kvo"nu uzadır. Hərçənd mən əminəm ki, Ermənistan bu dəfə də bu fikirdədir. Ona görə də hesab edirəm ki, burada onlar üzərlərinə bu məsələdən "status-kvo"nun uzadılması kimi məqsəddən istifadə edilməsinə imkan verilməyəcəyi kimi öhdəlik götürməlidirlər. Düşünürəm ki, yalnız bu halda müzakirələr aparmağa dəyər, - deyə Ziyafət Əsgərov bildirib.