Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib. Unikal.org-un məlumatına görə, R. Musayev əvvəlcə klublarımızın təlim-məşq toplanışını dəyərləndirib:

"Toplanış artıq ənəyə çevrilib. Bunu da AFFA rəhbərliyi davam etdirir. Bu, həm istirahət, həm də klublarımızın nə işlə məşğul olduğunu, hakimlərimizin fiziki hazırlığını görmək baxımından önəmlidir. Bizdə oyun sayı azdır. Bu il hakimlərimiz 74 oyun idarə ediblər.
Qurum rəhbəri Qurban Qurbanovun və Rəşad Sadıqovun eyni anda bir neçə yerdə çalışmasına da münasibət bildirib:

"Qurban Qurbanov millinin düşərgəsində olanda belə, klubda təlimatlarını verir. Əsas odur inam olsun. Əgər birgə işlədiyin yerdə sənə arxa dururlursa, onda problem olmayacaq. Qurban müəllim yığmada olanda komandanı Rəşada tapşırdı. Amma tapşırıqları yenə Qurbanov vermişdi. Düzdü, Qurban müəllim birdən-birə fantastik nəticələr göstərməyə bilər. Cavandı, vaxt vermək lazımdı. Neçə il Berti Foqtsa, Robert Prosineçkiyə dözdük? Bir az da buna vaxt verək. Qurban dostum olduğu üçün demirəm. O, məsuliyyətli insandır və ömürboyu məsuliyyət daşıyacaq. Xoşbəxtliyimiz ondadır ki, o insan həmişə üzünün ağ, gördüyü işin keyfiyyətli olmasını düşünür. Xarici məşqçi qaranquş kimidi, vaxtı çatanda uçub gedir. Amma yerli məşqçi elə deyil. O, daha çox məsuliyyət daşıyır. Çünki sabah üz-üzə gələndə ondan soruşulacaq, cavabdehliyi çoxdu. Qurban işgüzar insandır. İnanıram ki, yaxşı olacaq.

Əsas olan inamdır. Məsələn, mən öz işçilərimin hamısına inanıram. Qurbanov ətrafına inandığı insanları yığıb. Yenə məsuliyyəti Qurban müəllim daşıyır. Rəhbər birdir. Düzdür, ola bilsin, birdən-birə Qurban nəsə edə bilməz. Cavandır, vaxt verək. Neçə il Foqtsa dözdük, bunun onda biri qədər də Qurbanova dözək. Ən əsası da odur ki, Qurban qaranquş deyil, uçub getməyəcək. Daim bizimlədir.