"Azərbaycan Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olmasını araşdırıb.

Bunu unikal.org-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır: "Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır.

Qeyd edək ki, fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində öldüyünü açıqlayıb.