Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi bəyanatlar Ermənistan cəmiyyətində narahatlıqla qarşılanıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, Ermənistanı "1in.am saytında yer alan məqalədə bildirilir ki, İrəvanda Azərbaycan prezidentinin çıxışına qeyri-adekvat reaksiya verilib.
Qeyd olunur ki, İ. Əliyevin çıxışında seçkiöncəsi komponent olsa da, bu, Ermənistan dövlət orqanları və ekspertlərinin Azərbaycan prezidentinin bu çıxışına soyuqqanlı yanaşmaq fikrindən uzaq durmaq üçün səbəb olmamalıdır: "Əliyevin çıxışının analizi göstərir ki, onun sözlərində güclü təbii artım və ardıcıllığa malik türk elementinin nə vaxtsa Ermənistan Respublikasının yerləşdiyi əraziyə qayıda biləcəyinə dair əminlik var. Bizim hakimiyyət inkar edir ki, Əliyevin əminliyinin mənbəyində ölkəmizin biabırçı durumu və dağıdıcı emiqrasiya dayanır. Keyfiyyətsiz və cinayətkar idarəçiliyin hər ötən günü Əliyevin inamını artırır, Ermənistanı tərk edən hər bir kəs bununla özü də dərk etmədən türk elementinə daha bir qapı açır. Belə davam etsək, Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik hər birimizin evinə girəcək. Əliyevin çıxışının aqressivliyi hakimiyyət nümayəndələrimiz üçün xoş olmasa da, praqmatik siyasi əsasa malikdir. Bu, dövlətin institusional və perspektiv iflası şəkildə boşaldılan Ermənistandır.
Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyət nümayəndələrinin sərt bəyanatlarının məqsədi apardıqları siyasətin iflasını ört-basdır etməkdir. Bildirilir ki, Azərbaycan prezidentinin əminliyinin səbəbi Ermənistanın çökməsinin davam etməsi, habelə milli gündəmin və idealların olmamasıdır.