Azərbaycanlılar üçün vərəm şoku
11:16 14-08-2012
CƏMİYYƏT
Azərbaycanlılar üçün vərəm şoku
Ümumdünya Səhiyyə Təşkilatının tükürpədici raport: vərəmin tolerant olmasına görə ölkəmiz dünyada birinci yeri tutur
"Vərəm - kasıbların xəstəliyidir". Çox təəssüf ki, sovetlər vaxtından qalan bu stereotip qırılmayıb. Halbuki istər adi, istərsə də olduqca təmtəraqlı həyat keçirən insanlar belə, vərəmə yoluxmaqdan sığortalanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir.
14 ailə vərəmləyə bilər
Sumqayıt-Novxanı şossesinin üstündə yerləşən 2 sayılı Sumqayıt şəhər xəstəxanasında vəziyyət lap acınacaqlıdır. Vəziyyətin nə qədər dəhşətli olduğunu öyrənib ora yollandıq. Yolda rəstlaşdığımız insanlardan bura yeni köçürülmüş məcburi köçkünləri soruşuruq. Binanın arxasına dolanmalıyıq. Çox enli həyəti olmasına baxmayaraq, bu hissədə yaşıllıq yoxdur. İlk görünüşdən binanın nə vaxt təmir oldunduğunu da demək mümkün deyil. Girişdə isə bizi sınıq qapılar qarşılayır. Müvəqqəti sakinlərin sözlərinə görə, bura əvvəllər xəstəxananın vərəm şöbəsi olub. İndi isə burda zor gücünə yaşayış yerindən çıxarılmış 14 məcburi köçkün ailəsi yaşamalıdır. Çünki başqa seçimləri də yoxdur.
19 il Sumqayıt şəhərindəki 1 saylı xəstəxananın 1-ci mərtəbəsində yaşayan 14 ailə bina təmirə bağlandıqdan sonra evləri tərk etməkdən imtina ediblər. Səbəbi isə, onların vərəm şöbəsinə köçürürülməsilə bağlı olub. Onlar Prezident Administrasiyasına və "Dövlətqaçqınkom"a müraciət etsələr də, problem həll olunmayıb. Və nəhayət iyunun 7-də ailələr polis gücünə yaşayış yerindən çıxarılıb. Bu zaman heç bir sənəd göstərilməyib. Onlara qarşı zor tətbiq edilib, əşyaları sındırılıb. Sözügedən yerdə müşahidə aparırıq. Dəhlizdə xırda həşəratların və ağcaqanadların əlindən dayanmaq mümkün deyil. Ən acınacaqlısı isə odur ki, hər an vərəmə yoluxmaq xofu köskünlərin yuxularına da haram qatıb. Onlar deyirlər ki, vərəmə yoluxmaq qorxusundan rahat yata bilmirlər. Hətta bir neçə sakinin bədənində qırmızı yaralar əmələ gəlib. 6 yaşlı bir uşağın isə saçının bir hissəsi tökülüb. Qeyd edək ki, keçmiş vərəm şöbəsində 9 azyaşlı (ən böyüyünün 9, kiçiyinin 1 yaşı var) uşaq böyüməyə məhkum edilib.
Buranın keçmiş vərəm şöbəsi olması onları çox qorxudur. Otaqların isə yetərincə dezinfeksiya olunmaması köçkünlərin canlarındakı xofu birə-beş artırır. Onların dediyinə görə, həmin otaqlar sadəcə yuyulub və neftlə silinib: "Bu vərəm şöbəsində necə sağlam qalaq. Hara şikayət etmişiksə, səsimizə səs verən tapılmadı. Halbuki, bir cücənin 4 ayağı olanda onu çəkib göstərirlər, aləmə car çəkirlər. Amma bizim günümüzü, bu uşaqların vərəmə yoluxma təhlükəsini heç kim nəzərə almır".
Məcburi köçkünlər indi çox dar bir otağa yerləşiblər. Fatma adlı köçkün tələbə oğlunun hansı şəraitdə gecələdiyini də bizə göstərdi. Divarlar boyu göbələklər və bitkilər boy atıb, qarışqa yuvaları isə hər otaqda var: "19 il Sumqayıt şəhərindəki 1 saylı xəstəxananın 1-ci mərtəbəsində yaşadıq. Elə hey dedilər yaxşı yerə köçəcəksiniz. Demirik ordan yaxşı yer versinlər. Çıxmağa hazır idik. Kaş ki, xəstəxanadan xəstəxanaya köçürməyəydilər. Heç olmasa bir idarədə yerləşdirərdilər".
Sakinlərin yeni köçdüyü məkan, təkcə yoluxucu xəstəlik təhlükəsi daşımır. Burada su və kanalizasiya xətləri də yoxdur. Üstəlik söz-söhbət gəzir ki, Səhiyyə Nazirliyi vərəmə tutulacaq sakinin müalicəsini öz üzərinə götürür. Ancaq təsdiqlənmiş sənədi heç kim görməyib. Əgər nazirlik xəstəliyə yoluxacaq insanların müalicəsini öz üzərinə götürürsə, deməli burda sakinlər vərəmə yoluxmaq təhlükəsi ilə üz-üzədirlər.
Həyəcan təbilinin vaxtıdır
Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 mindən çox vərəmli xəstə var. Dünya Səhiyyə Təşkilatının (DST) Bakı nümayəndəliyinin rəhbəri Cəvahir Süleymanova da bunu təsdiqləyir. Onun sözlərinə görə, bu xəstəliklə mübarizədə əsas məqsəd vərəm səbəbindən baş verən ölüm hallarının aşağı salınmasıdır. Elə bu məqsədlə 2015-ci ilədək ölüm hallarının ikiqat aşağı salınması planlaşdırılır. O, son 20 ildə ölüm hallarının 40 faiz aşağı düşdüyünü deyir: "Bununla belə, maliyyə çatışmazlığı bu nailiyyətləri təhlükə altına salır. Vərəmlə mübarizədə əsas problem hər üçüncü xəstənin qeydiyyatda olmamasıdır. Lakin 15-44 yaş arası qadınlarda ölüm hallarının əsas səbəblərindən biri məhz vərəmdir".
Onun sözlərinə görə, vərəm çox vaxt QİÇS xəstəliyi ilə müşayiət olunur: "2010-cu ildə vərəmə yoluxmuş 2,1 milyon insan eyni zamanda QİÇS-ə də yoluxub. Hazırda yeni dərmanlar yoxdur, müalicə isə köhnə üsullarla aparılır. Bununla belə, ÜST sınaqdan sonra vərəmə qarşı 10 min yeni dərman təqdim edib".
ÜST vərəm problemlərinə qarşı ictimaiyyəti cəlb etmək məqsədilə genişmiqyaslı reklam aksiyası keçirir. Bununla əlaqədar olaraq, regional telekanallarda vərəm haqqında sənədli film nümayiş etdirilir, tematik radioverilişlər təqdim olunur, təhsil müəssisələrində isə problemlə bağlı leksiya oxur. Ümüd edirik ki, belə maarifləndirici tədbirlər vərəmin stiqmatizasiyasını aradan qalxmasına və bu xəstəliklə mübarizədə onlara dəstək olacaq.
Tanınmış həkim Aqil Qeybulla deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının raportuna görə, vərəmin tolerant olmasına görə Azərbaycan birinci yeri tutur. Bu da çox həyəcan doğurucu bir hesablamadır: "70-ci illərin sonlarından başlayaraq Rusiya həbsxanalarında vərəmlərin bir forması aşkar olundu ki, bu da vərəm əleyhinə dərmanlara tabe olmurdu. Bu forma artıq xeyli yayılıb. Hazırda Rusiyada yaşayan minlərlə azərbaycanlı bu xəstəliyin daşıyıcısıdır. Həmin insanlar da vaxtaşırı Azərbaycana gəlib-gedirlər. Bu da son nəticədə Azərbaycan üçün böyük riskdir. Çünki açıq vərəmli həmin insanlar yeraltı keçidlərdə, havalandırma sistemləri olmayan yerlərdə, əhalinin kütləvi toplaşdığı məkanlarda olurlar və bu mikrobları havaya ötürürlər. Belə olan halda isə immun sistemi zəif olanlar, hamilə qadınlar, uşaqlar və qocalar asanlıqla vərəmə yoluxa bilərlər".
Vərəmli xəstələrin statistikasının aparılmamasını ən böyük problem hesab edən A.Qeybulla deyir ki, onlara qarşı cəmiyyətdə ikili yanaşma var.
Vərəmli xəstələr həmişə özlərinə yoldaş axtarırlar. Hətta sovet dövründə belə xəstələr metal pulları ağızlarına alıb yerə atırdılar ki, həmin pulu götürənlər də bu xəstəliyə yoluxsun. Belə insanlar başqalarını yoluxdurmaqla özlərinə təskinlik tapırlar. Təbii ki, bu da instiktlərə bağlı bir məsələdir. Bu baxımdan da vərəmli xəstələrə cəmiyyətdə də diskriminasiya mövcuddur. Belə hallar pasientlərin psixologiyasında uzunmüddət dərin iz buraxır. Həkimin sözlərinə görə, yaxınlarının mənəvi dəstəyini itirdiyini hiss edən xəstə özünü tədricən cəmiyyətdən təcrid vəziyyətinə salır, depressiyaya yuvarlanır, sosial və maddi statusunun itdiyi qənaətinə gəlir: "Bu da nəticədə normal həyat axarını pozur, yaxınlarının çətin anında dəstəyini görməyən şəxsin psixikasında ciddi dəyişikliklər baş verir, onların əksəriyyəti belə demək mümkünsə, həyatdan küsərək özlərinə qapanır".
Amma həkim deyir ki, bu xəstələrin düzgün statistikası aparılarsa və həmin xəstələr açıq şəkildə müalicə alarlarsa, problem aradan qalxmış olar. Cəmiyyətdə onlara qarşı olan yanaşma da dəyişər.
"Bu gün vərəmli xəstələrin müalicəsi üçün ÜST-nin "DOST" və "DOST plyus" proqramları var. Həmin proqramlar ümumi qəbul edilmiş qərarlardır". 2015-ci ilə qədər bir neçə milyon insanın vərəmdən dünyasını dəyişəcəyini söyləyən professor həyəcan təbilinin çalınmalı olduğunu deyir. Onun sözlərinə görə, burada dövlətin mövqeyi dəyişməlidir: "Dünya praktikasında olduğu kimi, onlara sosial müdafiə artmalı, qayğı daha çox göstərilməlidir, onların açıq formada müalicəsindən sonra sanatoriya, kurort müalicələrinə göndərilməsi vərəmə qarşı stiqmanın qarşısını alacaq. Bu da daha çox vəsait tələb edən məsələdir. Ona görə də həmin xəstələr sosial müadifə altında olmalıdırlar. Odur ki, belə bir müdafiə olmadan müsbət nümunə göstərmək çətindir".
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00