Ərdoğanın nümayəndəsinin İsrailə gizli səfəri
11:29 15-08-2012
CƏMİYYƏT
Ərdoğanın nümayəndəsinin İsrailə gizli səfəri
Bütün müşküllərə baxmayaraq zaman Türkiyə ilə İsraili yenidən işbirliyinə dəvət edir
Yaxın Şərqdə gərgin hadisələr bir-birini əvəz etdikcə bölgədə hamının diqqətini ara-sıra cəlb edən maraqlı bir məqam da diqqəti çəkir. Bu da İsrail-Türkiyə münasibətləridir.
Yada salaq ki, İHH humanitar yardım Vəqfi və Azad Qəzza Hərəkatının təşkil etdiyi və Qəzzaya humanitar yardım aparan 6 gəmiyə Aralıq dənizində, beynəlxalq sularda 31 may 2010-cu ildə İsrail əsgərləri hücum etmişdi. "Mavi Mərmərə" gəmisində olan 9 türk vətəndaşı şəhid olmuşdu.
Bu hadisədən sonra Türkiyə-İsrail münasibətləri xeyli dərəcədə gərginləşib və bu gərginlik hələ də sovuşmaq bilmir. İsrail dəfələrlə müxtəlif formalarda Türkiyə ilə münasibətləri bərpa etməyə cəhd etsə də, rəsmi Ankara hələ ki öz mövqeyində qalmaqdadır...
Lakin son zamanlar dünya mətbuatında başqa ruhlu məlumatlar da yayılmağa başlanıb. Belə ki rəsmi mənbələrin məlumatına görə, türk hökumətinin yüksəkrütbəli təmsilçisi İsrailə gizli səfər edib və oradakı həmkarları ilə görüşüb.
Yerusəlimdə hesab edirlər ki, Türkiyə İsraillə münasibətlərinin korlanması nəticəsində məruz qaldığı itkiləri başa düşür və böhranı başa çatdırmağın yollarını arayır.
İsraildəki rəsmi mənbələr bildirir ki, "Türkiyə Yaxın Şərqdə, xüsusən də Suriyada baş verənləri, İrandakı situasiyanın bütün mürəkkəbliyini anlayır və İsraillə münaqişəni yoluna qoymağın zərurəti barədə özünə hesabat verir".
Əvvəllər də xəbər verildiyi kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netenyahu ilə telefon danışığından imtina etmişdi.
İsrail mətbuatının yazdığına görə, Yerusəlim Türkiyə ilə münasibətləri nizama salmaq üçün bir neçə fəal cəhd göstərib, amma bütün bu cəhdlər uğursuzluqla nəticələnib.
Məlum olduğu kimi, Türkiyə "Mərmərə" insidentinə görə İsrailin üzr istəməsini və insident zamanı həlak olmuş türklərin ailələrinə təzminat ödəməsini tələb edib və bu tələblər ödənilməyincə İsraillə hər hansı danışıqların mümkünsüz olacağını bəyan edib.
Kim kimə daha
çox lazımdır?
Bu bir faktdır ki, həm İsrail, həm də Türkiyə Yaxın Şərqdə söz sahibi olan başlıca dövlətlərdəndir. Və digər önəmli məqam isə bundan ibarətdir ki, hər iki dövlət Birləşmiş Ştatların bu bölgədəki yaxın müttəfiqidir və amerikanlar bütün detallara baxmayaraq bir müttəfiq kimi onların heç birindən vaz keçmək niyyətində deyil.
Təbii ki, Amerika nə İsrailin ala gözünə aşiqdir, nə də Türkiyənin qara telinə. Sadəcə, dövlət maraqları Amerikanı bu vəziyyəti saxlamağa vadar edir. Bu üçbucağın diplomatik-siyasi intimlik çalarlarına varmadan qeyd edək ki, bu iki dövlətin özləri də Yaxın Şərqdə bir-birlərinə olduqca lazımdır. Və bu bərabərlikdə üstün olan yoxdur. İsrail Türkiyəyə nə dərəcədə sərf edirsə, Türkiyə də İsrailə o dərəcədə sərf edir.
Son illərin ərəb hadisələri göstərdi ki, Misir, Liviya, Tunis və nəhayət, Suriya olaylarında hər iki dövlət, təxminən, eyni mövqedən çıxış etdi. Hazırda bu iki dövlət arasında ən ciddi problem İranın nüvə proqramı və Fələstin məsələsidir.
Barışmaz qütblər
Tarixən İranla Türkiyə yolagetməz dövlətlər olub: İran Türkiyəni Qərbə doğru sıxışdırıb ("Yaxın və Orta Şərq mənimdir"), Türkiyə isə daim İranın başı üzərindən Orta Şərq və Mərkəzi Asiyaya meyllənib. Bu, etnik-siyasi səbəblərdən irəli gəlmir, geopolitik məzmunlu barışmazlıqdır. İran vaxtilə Türkiyənin ərazisində bərqərar olmuş Şərqi Bizansla da yola getmirdi. Və yenə də eyni səbəblər üzündən...
Bu baxımdan yanaşanda Türkiyənin İranla istiqanlılığı müvəqqəti xarakter daşıyır. Elə İranın bəzi rəsmilərinin ara-sıra Türkiyənin bostanına daş atması da bu amillə bağlıdır.
Zavallı
Fəsləstinlilərə gəldikdə isə burada mətləb xeyli qəlizdir və qəlizliyi qədər də sadədir. İki min il öncə qədim Roma imperiyasının yəhudilərə qarşı yürütdüyü genosid nəticəsində dünyaya səpələnmiş yəhudilər, nəhayət, 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə öz dövlətlərini yenidən bərpa edə bildilər. Və bu dəfə ərəblərin məskunlaşdığı ərazilərdə ərəblərin, daha doğrusu, fələstinlilərin də qara günləri elə o vaxtdan başlandı. Son 60 ildə İsrailin fələstinlilərə etdiyi zülmlər dünya ictimaiyyəti tərəfindən dəfələrlə qınanılıb, amma faydası olmayıb. Və Türkiyənin hakim AKP iqtidarı da öz sələflərindən fərqli olaraq Fələstin məsələsinə daha çox diqqət yetirməyə başlayıb. İsrail-Fələstin-Türkiyə üçbucağında iqlimin haçan mülayimləşəcəyini proqnozlaşdırmaq çox çətindir. Lakin yuxarıda sadalanan bütün müşküllərə baxmayaraq zaman Türkiyə ilə İsraili yenidən işbirliyinə dəvət edir..
Alınacaqmı?
Zaman göstərər...
Şakir
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49