Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Unikal.org Türkiyə Silahlı Qüvvələrinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3055 terrorçu məhv edilib.

Bildirilib ki, 48 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 30 55 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.

Əməliyyat nəticəsində 121 kənd, o cümlədən 30 əsas strateji nöqtə terrorçulardan təmizlənib, ümumilikdə, 160 məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.