Serialda Serenay Sarıkayanın canlandırdığı "Duru obrazı "Afife adlı musiqili tamaşada baş rolu oynamaq üçün çabalayırdı və nəhayət arzusuna yetdi. Serial bitsə də, "Afife insanların diqqət mərkəzindədir.
Bəs Afife Jale kimdir?
Unikal.org oxu.az-a istinadən Afifenin idealları uğruna ehtirasla bağlı olduğu səhnə həyatını və faciəvi sonunu təqdim edir.
Afife 1902-ci ildə İstanbulda dünyaya gəlib. 10 noyabr 1918-ci ildə Darülbedayiyə (İstanbul Bələdiyyəsinə bağlı olan ilk teatr) tələbə olaraq qəbul olunan Beyza,Refika, Behire və Memduha adlı beş qızdan biri idi.
Afife və Refika xaric o biri qızlar dayana bilməyib, "Onsuzda səhnəyə çıxa bilməyəcəyik deyərək teatrdan uzaqlaşmışdılar.
Afife Jale isə müsəlman qadınların səhnədə olmasının günah hesab edildiyi və qadağan olunduğu bir dönəmdə çox çətin bir yol keçmişdi.
Eyni ilin 18 dekabr günü Refika teatrın suflyor ( səhnənin görünməyən bir yerindən sözlərini unudan aktyorlara fısıldayaraq xatırladan işçi), Afife isə praktikant aktyor bölməsinə qəbul edilir.
Afife bir il müddətində məşqlərə davam etsə də, səhnəyə çıxa bilmirdi. Digər tərəfdən isə Refika səhnə arxasında çalışan ilk türk qadın olmuşdu.
1919-cu ilin 13 aprel tarixində premyerası nəzərdə tutulan Hüseyin Suatın "Yamaqlar adlı oyununda Emel rolu Eliza Binemesiyanın Parisə getməsi ilə təxirə salınmalı idi. Ancaq Darülbedayi rəhbərliyi rolu Afifeyə vermək qənaətinə gəlir.
Beləliklə, Afife "Jale ləqəbi ilə 22 aprel günü Kadıköydə yerləşən "Apollon Sinemasıında (sonrakı Hale, indiki Reks kinoteatrı) "Emel obrazını canlandıraraq səhnəyə çıxan ilk türk qadın olur.
Ancaq sənətçinin xoşbəxt anları çox qısa çəkir. Şəhər teatrı polis tərəfindən basqına məruz qalır. Sənətçi həmin ərəfədə "Şirin sirr adlı tamaşada rolunu ifa edirmiş. Polisi görən erməni aktyorlardan biri aktrisanı həyətə qaçıraraq onların əlindən qurtulmasına yardım edir.
Lakin basqınlar ara vermirdi. "Otaqcıq adlı tamaşa zamanı teatr yenidən polislərlə doldu. Afife bu dəfə teatrın təsərrüfat otağına qaçırılaraq gizlədildi.
Bu hadisələrdən sonra Daxili İşlər Nazirliyi hərəkət keçdi. Onlar müsəlman türk qadının səhnədə oynamasını qadağan etdi. Sənətçi ilk basqınlarda canını qurtara bilsə də, sonradan polis tərəfindən yaxalandı. "Dövlətə qarşı gəlmək, üsyan çıxarmaq, dininə, millətinə qarşı çıxmaq iddiaları ilə günlərlə polis bölmələrində qaldı. Atası isə Afifeni övladlıqdan rədd etdi.
Aktrisa bütün bu olaylar qarşısında tənha yaşamaq məcburiyyətində qaldı. Maddi və mənəvi sıxıntılar yaşayan Afife dözülməz baş ağrılarından da əziyyət çəkirdi.
Nəhayət, 1923-cü ildə Mustafa Kemal Atatürk türk qadınına səhnəyə çıxmaq qadağasını aradan qaldırdı. Afife isə azad şəkildə aktrisalığına davam etdi.
Çətin imtahanlardan keçən və teatra olan eşqi üçün çabalayan sənətçi idealları uğruna ehtirasla bağlı olduğu səhnədə müxtəlif obrazlar canlandırdı.
Qastrollara gedən sənətçi bir çox teatrda səhnəyə çıxdı. Ancaq sənətçi yaşadığı ağrılar və əzab dolu günlər nəticəsində morfin asılılığından əziyyət çəkirdi. Buna görə də teatrdan uzaqlaşmaq məcburiyyətində qaldı.
39 yaşlı Afife 1941-ci ildə Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında həyata gözlərini əbədi yumdu...