Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib.
Unikal.org-a daxil olan məlumata görə, yaşıllaşdırma marafonunda məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Yeni Azərbaycan Partiyası üzvlərinin, Milli Məclisin deputatlarının, IDEA İctimai Birliyinin həmçinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ilkin olaraq Azadlıq prospekti boyunca yol kənarındakı ərazidə, daha sonra isə Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 2016 ədəd eldar şamı və 93 ədəd İtaliyadan gətirilən, hündürlüyü 5 metrə yaxın Leylandra ağacları əkilib.
Tədbirə eyni zamanda, aprel döyüşləri zamanı təmas xəttində qəhrəmancasına şəhid olan Nərimanov rayonundan hərbi xidmətə çağırılmış Mahir Mirzəyevin atası Sabir Mirzəyev də ruh yüksəkliyi ilə qatılaraq H. Əliyevin xatirəsinə ağac əkib.
Kampaniyanın rayonun bütün idarə, müəssisə və təşkilatlarınında davam etdirilməsi nəzərdə tutulub.