Rusiyada yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklər.
Unikal.org azərtac-a istinadən Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 nömrəli seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov AZƏRTAC-a bildirib ki, seçki məntəqəsi seçkilərə tam hazırdır. Hazırda konsulluq uçotunda 1500 Azərbaycan vətəndaşı var. Moskvada və ətraf regionlarda yaşayan, təhsil alan və çalışan Azərbaycan vətəndaşlarının səsvermədə iştirak etmələri üçün bütün lazımi tədbirlər həyata keçirilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda yaradılmış 57 nömrəli 17 saylı Yasamal üçüncü seçki dairəsində də seçkilərə hazırlıq işləri yekunlaşıb. Bu barədə AZƏRTAC-a baş konsul Sultan Qasımov məlumat verib. Bildirib ki, bu məntəqədə 854 nəfər konsulluq uçotundadır. Şimal Qərb Federal Dairəsində yaşayan Azərbaycan vətəndaşlarına prezident seçkilərində iştirak etmək üçün yerli orqanlar vasitəsilə müvafiq məlumatlar göndərilib. Bundan əlavə, Sankt-Peterburqdakı baş konsulluğun saytında da bu barədə ətraflı məlumat yerləşdirilib.
Ölkəmizin Yekaterinburqdakı baş konsulluğunda da Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi üçün bütün şərait yaradılıb. Baş konsul İlqar İsgəndərovun sözlərinə görə, Seçki Məcəlləsinə müvafiq olaraq məntəqə seçki komissiyasının üzvləri müəyyənləşdirilib. Ural, Sibir və Uzaq şərq dairələrində konsulluq qeydiyyatında olan, səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının siyahısı tərtib edilib və Yasamal seçki dairəsinə göndərilib.