"Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim".
Unikal.org xəbər verir ki, bu sözləri aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə ötən gün Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirdə çıxışı zamanı yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev deyib.
Dövlət başçısı həmişə xalqa sədaqətlə, ləyaqətlə xidmət etməyə çalışdığını bildirib:
"Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə və bütün Azərbaycan xalqına mənə yenidən göstərilən böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz günü-gündən artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh və əminamanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur. Dünən keçirilmiş prezident seçkiləri bir də onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir və seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə səs verib, eyni zamanda bizim gələcəyimizə səs verib.
Əminəm ki, bundan sonra da, ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq. Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası, nümunəvi ölkə kimi tanınınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstən ölkə olmayıb. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq, daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Bizi bu yoldan heç bir kənar qüvvə döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir, biz müstəqil ölkəyik, biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, üzümü Azərbaycan gənclərinə tutub deyirəm: ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil, Azərbaycanı gələcəkdə idarə edəcək. Müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq. Biz müstəqil, güclü ölkəyik. Tutduğumuz yolla gedirik və əminəm ki, Azərbaycanı xoşbəxt gələcəyə aparacağıq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".