Aprelin 11-də prezident seçkiləri keçirildi. İlham Əliyev səs çoxluğu ilə növbəti 7 il üçün Azərbaycan prezidenti seçildi. İndi hər kəsi bundan sonrakı islahatlar maraqlandırır. Bəs seçkilərdən sonra bizi nə gözləyir? Azərbaycan iqtisadiyyatı necə qurulmalıdır?
Unikal.org xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Modern.az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, seçkilərdən sonra dəyişikliyi hamı istəyir. "Qanunvericiliyə görə, seçkidən sonra hökumət yenidən qurulmalıdır. Hamının ürəyindən keçir ki, indiki hökumət köklü şəkildə dəyişdirilsin və gəncləşdirilsin. Özünün proqramı olan bir hökumət formalaşsın və xalqın da bundan da xəbəri olsun. İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun. Fikrimcə, hamının gözlədiyi də budur.
AMİP lideri Nazirlər Kabinetinin dəyişilməsindən danışarkən bunu sırf yaşla əlaqələndirmədiyini bildirib. "Təkcə yaş baxımından hökumətdə gəncləşməni nəzərdə tutmuram. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Zənnimcə, hamımız onu istəyirik.
Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan Etibar Məmmədov monopoliyaya son qoyulmasının zəruriliyini söyləyib. "İqtisadiyyatımız gəncləşmə nəticəsində məmurların əlindən alınmalı və sərbəstləşməlidir. Monopoliyaya son qoyulmalıdır. Azadlıqlar təmin olunmalıdır ki, insanlar sərbəst və qanunauyğun şəkildə iqtisadi fəaliyyətlə məşğul ola, öz istəklərini həyata keçirə bilsinlər. İndiyə qədər buna mane olan həmin məmurların özbaşınalığı, qanunları pozması idi. Bu da iqtisadiyyata böyük ziyan vurur.
Eyni zamanda, mənəviyyata da ziyan vurur. İnsanların düşüncəsini də pozmaqla bədbinlik yaradır. Ona görə də düşünürəm ki, bunların dəyişməsinə ehtiyac var. Xüsusən də kiçik və orta sahibkarlığa yardım istiqamətində sərbəstlik verilməsinə ehtiyac var.
Qeyd edək ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.