ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı yaydığı bəyanat ictimaiyyət nümayəndələri və jurnalistlərlə yanaşı, 30 ildir ki öz doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin kəskin etirazına da səbəb olub.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, 1 milyondan artıq azərbaycanlı məhz ATƏT-in səriştəsiz fəaliyyəti nəticəsində bu günə qədər məcburi köçkün vəziyyətindədir:
"Biz elə ATƏT kimi ikiüzlü, riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində məcburi köçkün vəziyyətinə düşmüşük. Bu şəxslərin Azərbaycanda prezident seçkilərinə kölgə salması bizim qəzəbimizə səbəb olub. Onların ədalətsiz, ermənilərlə birlikdə fəaliyyət göstərməsi nəticəsində Azərbaycan torpaqları bu günə qədər işğal altındadır. Bu gün biz bu səbəbdən öz yurd-yuvamızdan didərgin vəziyyətində yaşayırıq".
E.Məmmədov deyib ki, ATƏT DTİHB erməni maliyyəsi, erməni yalı ilə qidalanıb erməni havasına oynayan təşkilatdır: "Onlar öz fəaliyyətlərini əvvəlcə öz qarşılarına qoysunlar, sonra danışsınlar. ATƏT-in nümayəndələrinin Azərbaycana gəlib Azərbaycanda seçki prosesini izləməyə haqqı yoxdur. ATƏT bir beynəlxalq qurum kimi Dağlıq Qarabağ məsələsində özünü Azərbaycanda necə təsdiqləyib? Riyakar, saxta, ikiüzlü, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi".
O qeyd edib ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 12-də qərəzli bəyanat yaymaqla bütün seçicilərin, Azərbaycan xalqının iradəsinin əleyhinə getdi və bütün Azərbaycan xalqına qarşı hörmətsizlik nümayiş etdirdi:
"Azərbaycanda seçkini nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, nə də Avropa Şurası keçirir və həlledici sözə də malik deyillər. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bu prosesdə söz sahibi də Azərbaycan xalqıdır. Azərbaycan xalqı da öz iradəsini ortaya qoydu və seçimini etdi. Azərbaycan xalqı aprelin 11-də inkişafa, sabitliyə, tərəqqiyə, gələcəyinə səs verdi. Azərbaycanda seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar prosesin şəffaf və ədalətli keçirdiyini təsdiqlədi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri Azərbaycana ciblərində hazır protokolla gəlmişdilər. Onlara ağaları hansı göstərişi vermişdisə, həmin göstərişlə də hərəkət etdilər. Ona görə də onların fikri Azərbaycan xalqı üçün kağız parçasından başqa bir şey deyil".
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.