ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, V. Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib.

V. Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və Azərbaycana mənfi münasibət bəslədiyini söyləyib: "Stefan Kraus 2 aprel 2017-ci ildə Ermənistanda keçirilən seçkilərlə bağlı həmkarlarını təbrik edib. Sosial şəbəkədəki səhifələrində Heydər Əliyev və Heydər Əliyev Fonduna da mənfi münasibətini gizlətməyib. Hesabatlarında qeyd ediblər ki, ölkə rəsmiləri ilə görüş keçiriblər, ancaq ölkədə nə azad mətbuat, nə də azad, rəqabətli seçki mühiti var. Müşahidə missiyasının mətbuatla əlaqələrə məsul şəxsi də Azərbaycana mənfi münasibətini gizlətməyib. ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər".
V. Əhmədov prezident seçkiləri ilə bağlı hesabatın seçkidən əvvəl hazırlandığını, sadəcə, seçkidən sonra elan edildiyini bildirib: "Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində kütləvi, ciddi qanun pozuntuları yox idi. Xırda məqamlar qeydə alınıb, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Mən bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi".
ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V. Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında müəyyən müsbət məqamların yer alacağına ümid etdiyini vurğulayıb.