Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər.

Qeyd edilib ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.

Xatırladaq ki, "İstək Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu "Qlobal Sahibkarlıq Sammiti 2017də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd edib.